Zəmanəmizin ən məşhur serialı olan “Taxt oyunları”nın epizodlarından birinin əsasında Azərbaycanla bağlı bir əsr öncə baş vermiş tarixi hadisələr yer tapıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə "İndependent" qəzetinə müsahibəsində həmin səhnələr üçün kostyumları yaradan məşhur britaniyalı dizayner Mişel Klepton bildirib.
Söhbət serialın yeddinci sezonunun əvvəlindən gedir. Bu səhnələrdə dotrakiyalılar Deynerisin əjdahalarının köməyi ilə Lannisterlərin ordusunu darmadağın edirlər.
“Bu, dotrakiyalıların döyüş meydanında gəzişdiyi, onların Lannisterləri darmadağın etdiyi səhnədir. Onlar ilk dəfə olaraq devrilmiş düşmənin üst paltarını çıxarırlar. Mənim rusların Azərbaycana hücumu zamanı döyüş iştirakçılarının öldürülmüş düşmənin paltolarını çıxarması ideyası çox xoşuma gəlib. Bir-birinin paltarını oğurladıqları üçün, müharibənin sonunda bolşevikləri demokratlardan fərqləndirmək olmurdu”, - deyə M.Klepton bildirib.
Dizayner əlavə edib ki, bu ideya onun ürəyinə yatıb. Məhz bu səbəbdən də dotrikiyalılar öldürülmüş Lannisterlərin zirehlərini və üst paltarlarını çıxarırlar.
“Mən, sadəcə, göstərmək istəmişəm ki, onların bu qədər fərqli olmalarına baxmayaraq, müharibədə hamı eynidir”, - Klepton əlavə edib.
Britaniyalı dizaynerin rus ordusunun ötən əsrin 20-ci illərində Azərbaycana hücum etməsindən xəbərdar olması faktı təəccüb doğurur. Lakin qeyd etmək lazımdır ki, həmin illərdə bolşevik ordusu ilə Müsavat hökuməti arasında açıq hərbi toqquşmalar olmayıb. Ona görə də Qızıl Ordu və Azərbaycan milli ordusunun döyüşçülərinin bir-birinin paltosunu soyundurmasını səhnələşdirmək gülüncdür.
N.О.