Çanaqqalada Onsekiz Mart Universitetinin şəhərciyini əhatə edən meşəlik ərazidə başlayan yanğın davam edir.
Oxu.Az İHA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün şəxsi heyət və texnika səfərbər edilib.
Təhlükəsizlik tədbiri olaraq Saçaklı, Ahmetçeli və Doğanca kəndləri tamamilə boşaldılıb. Saçaklı kəndində bir çox ev yanıb. Kəndində yerli sakinlərlə yanğınsöndürənlər birlikdə alovla mübarizə aparırlar.
Çanaqqalanın Sarıcaeli kəndinin yaxınlığında baş verən meşə yanğını az qala daha böyük faciə ilə nəticələnəcəkdi. Belə ki, günorta saatlarında başlayan yanğın zamanı yanğınsöndürən maşınlardan biri alovların arasında qalıb, heyət üzvləri isə son anda canlarını xilas edə biliblər.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
O anlar təhlükəsizlik kameraları və mobil telefonlarla anbaan qeydə alınıb.
Bildirilir ki, regionda başlayan meşə yanğını güclü küləyin təsiri ilə sürətlə əkin sahələrinə keçib, daha sonra isə yaşayış məntəqələrinə və Çanaqqala Dövlət Xəstəxanasına yaxınlaşıb.
Hadisə yerinə cəlb olunan Çanaqqala Meşə Region İdarəsinin əməkdaşları və digər aidiyyəti qurumlar yanğının qarşısını almaq üçün genişmiqyaslı tədbirlər həyata keçiriblər. Ancaq alov qəfildən istiqamətini dəyişərək xilasedicilərin üzərinə yönəlib, maşın bir anda alovların arasında qalıb. Yanğınsöndürənlər çətinliklə xilas ola biliblər.
Qeyd edək ki, ərazidə meşə yanğını davam edir. Hazırda təbii fəlakətə həm qurudan, həm də havadan - helikopter və təyyarələrin köməyi ilə müdaxilə edilir.