Çin tədqiqatçıları fəzaya xüsusi zərbə aparatı göndərməyi, onun sürətini 26 Max-a (saniyədə 9 kilometr) çatdırmağı və bu yolla asteroidin hərəkət trayektoriyasını dəyişdirməyi hədəfləyirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Honkonqun SCMP nəşri məlumat dərc edib.
Çin Milli Kosmik İdarəsinin planetar müdafiə sahəsində aparıcı mütəxəssisi Li Mintaonun başçılıq etdiyi elmi qrup qeyd edib ki, layihənin əsas hədəfi asteroidin Yer kürəsinə nəzərən orbitini birbaşa dəyişmək və ya onun fiziki strukturunu tamamilə darmadağın etməkdir.
Plan iki aparatın birgə buraxılmasını nəzərdə tutur: zərbə zondu birbaşa asteroidə doğru yönələcək, müşahidə zondu isə Veneranın yanında qravitasiya manevri ilə daha uzun trayektoriya üzrə uçacaq. Gözlənilir ki, kosmik gəminin hədəf obyekti saniyədə 9 kilometrdən yuxarı sürətlə vuracağı proqnozlaşdırılır.
Tədqiqatçılar 2030-cu ilə qədər planlaşdırılan Çin missiyasını 2022-ci ildə həyata keçirilən NASA-nın DART eksperimenti ilə müqayisə edir, lakin öz layihələrini xeyli iddialı hesab edirlər. Onların sözlərinə görə, DART ilk dəfə kinetik zərbə ilə asteroidin yolunu dəyişdirmək imkanını nümayiş etdirdi, lakin onun Günəş ətrafında Yerə nisbətən orbitini dəyişdirmədi.
Xatırladaq ki, Çin Milli Kosmik Agentliyi planetin təhlükəsizliyini təmin etmək və Günəş sistemini tədqiq etmək məqsədilə 2026-cı ilin iyul ayında asteroidin trayektoriyasını dəyişdirməyə yönəlmiş ilk əməliyyatı həyata keçirəcəyini açıqlayıb. Dövlətin kosmik təhdidlərə qarşı müdafiə sisteminin isə tam olaraq 2030-cu ilə qədər ərsəyə gətirilməsi nəzərdə tutulur.