Dağıstanın Dərbənd rayonundakı dörd yaşayış məntəqəsində bəndin dağılması səbəbindən 4 000-dən çox sakin ərazidən təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb. Qurumdan qeyd olunub ki, hidrotexniki qurğular kompleksindəki qəzaya Gejux anbarında suyun səviyyəsinin kəskin artması səbəb olub.
Qeyd edilib ki, köçürülənlərin böyük əksəriyyəti qohumlarının evlərinə yerləşdirilib, qalanları isə xüsusi olaraq hazırlanmış altı sığınacağa göndəriliblər.
Bundan əlavə, daşqınlar səbəbindən ölənlərin sayı üçə yüksəlib. Şiddətli daşqının qurbanlarından biri beş yaşlı qızdır. "SHOT" "Telegram" kanalının məlumatına əsasən, azyaşlının cəsədini hadisə baş verəndən bir gün sonra, bu gün səhər saatlarında tapmaq mümkün olub. Onunla birgə itkin düşən nənəsinin isə yeri barədə heç bir məlumat yoxdur. Bildirilib ki, axtarışlar davam etdirilir.
İlkin məlumata görə, Vəlikənddən olan ailə hadisə baş verən zaman avtomobillə yolda olub. Qızın babası və itkin düşən qadının kiçik oğlu maşından çıxmağı bacarıb. Lakin nənə ilə nəvə avtomobildə qaldığından onları güclü axın aparıb.
Qeyd edək ki, cəmi bir neçə gündən sonra qızın altı yaşı tamam olacaqdı.
"Dağıstanda 2000-dən çox ev su altında qalıb".
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bildirib ki, Rusiyanın Dağıstan Respublikasında yeddi bələdiyyədə və doqquz yaşayış məntəqəsində 2 075 yaşayış binası, 1 817 bağ sahəsi və 173 yol su altında qalıb.
Dağıstanın Dərbənd rayonunda bəndin uçması səbəbindən kəndlərdən 350-dən çox insan təxliyə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə rayonun icra hakimiyyəti "Telegram" kanalında açıqlama yayıb.
Qeyd edilib ki, təxliyə olunanların əksəriyyəti qohumlarının evində, qalanları isə müvəqqəti yaşayış mərkəzlərindədir.
"Kaytaqdan Gejux bəndinə axan çayın daşması səbəbindən bələdiyyə rəhbəri Elman Allahverdiyev Məmmədqala kəndi yaxınlığındakı daşqın təhlükəsi olan əraziyə gəlib. Qoruyucu konstruksiyanın uçması nəticəsində su Mixaylovka, Duzlak, Zareçnaya, Sulepa, Urqun kəndlərinə və Məmmədqala kəndinə axıb. Bələdiyyə başçısının tapşırığı ilə 358 nəfər ərazidən təxliyə edilib", - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, Məmmədqala və Gejux qəsəbələri arasındakı avtomobil yolunda maşınları sel aparıb. Fəlakət zonasında iki nəfər həyatını itirib, yeddi nəfər isə xilas edilib. Hazırda təcili yardım və xilasetmə xidmətləri daşqının fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparırlar.