Donetskdə Ukraynanın ordu qüvvələri ilə rusiyameyilli separatçılar arasında döyüşlər davam edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, tərəflər dünən öldürülən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin ölümünə görə biri-birini ittiham edir.
Ukraynanın Xarici İşlər Nazirliyi 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyenin terrorçuların hücumu nəticəsində öldürüldüyünü bildirib. “Donetsk Xalq Respublika”sının baş nazirinin müavini Andrey Purqin isə Loran Etyenin Ukrayna ordusunun raket hücumu zamanı öldürülüdüyünü deyib.
Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin sözcüsü Andrey Lısenko döyüşlərin üsyançıların ələ keçirməyə çalışdığı hava limanı uğrunda getdiyini bildirib. O, Rusiyanı hava hücumlarına görə günahlandırıb.
Rəsmi Moskva da BQXK nümayəndəsinin öldürüldüyü bölgənin separatçıların nəzarətində olduğunu və həmin bölgənin Ukrayna hökümət qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.