Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İstanbulda ABŞ dövlət katibinin müavini Vendi Şerman ilə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlər, xüsusilə Ukraynadakı müharibə müzakirə edilib.
Söhbət zamanı Ukraynada müharibənin gedişatının yeni humanitar böhranlar yaratdığı vurğulanıb, bu məsələ ilə bağlı dərin narahatlıq və kədər ifadə olunub. Müharibənin uzanacağı təqdirdə nəticələri bütün region və dünya üçün dağıdıcı olacağı bildirilib.
Həmçinin hərbi əməmliyyatların daha çox dağıntıya səbəb olmadan sona çatması, tərəflər arasında aparılan danışıqların nəticə verməsi üçün birgə səylərin artırılması razılaşdırılıb. Türkiyənin tərəflərlə daim təmasda olduğu və danışıqlara ev sahibliyi etməyə hazır olduğu vurğulanıb.
Görüşdə Suriya, Liviya və Əfqanıstanda sülh və sabitliyin təmin edilməsi, Türkiyə-İsrail münasibətləri və Türkiyə-Ermənistan arasındakı normallaşma prosesi də müzakirə edilib.
Mənbə: TRT