Çinin Hubey əyalətinin 36 yaşlı sakininin göz qapaqlarında 1 000-dən çox mikroskopik gənə aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, Yuy təxminən yarım il ərzində göz quruluğu, qaşınma və göz qapaqlarında yapışqanlıq hissindən əziyyət çəkib. O, gözlərini tez-tez ovuşdurub və göz damcılarından istifadə edib. Lakin zaman keçdikcə kişinin görmə qabiliyyəti zəifləməyə başlayıb.
Müayinə zamanı çinli kişidə demodekoz blefariti - "Demodex" cinsinə aid gənələrin həddindən artıq çoxalması nəticəsində yaranan göz qapağı iltihabı aşkarlanıb.
Həkim hər gözdən səkkiz kirpiyi müayinə edib və hər bir tük follikulunda səkkiz-doqquz parazitin olduğunu müəyyənləşdirib. Mütəxəssislərin hesablamalarına görə, Yuyun gözlərində ümumilikdə 1 000-dən çox gənə ola bilərdi.
Həkimlər xəstəliyin gözləri davamlı ovuşdurmaq və yataq dəstlərini tez-tez dəyişməmək vərdişi səbəbindən inkişaf etdiyini bildiriblər. Pasiyent yataq dəstlərini üç aydan bir dəyişdiyini etiraf edib.
Kişiyə iltihabəleyhinə terapiya kursu, intensiv işıq müalicəsi prosedurları, həmçinin göz qapaqlarının çay ağacı yağı tərkibli vasitə ilə gündəlik təmizlənməsi təyin olunub.