Hindistanın paytaxtı Nyu-Delhidə badminton üzrə dünya çempionatının təşkili çərçivəsində təhlükəsizliyin təmin edilməsi üçün meymun səslərini təqlid edə bilən bir qrup kişi dəvət olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Mütəxəssislər lanqur meymunlarının səslərini təqlid edirlər. Onlardan biri olan Zəfərin sözlərinə görə, binalara tez-tez daxil olan və insanlara hücum edən rezus makakaları lanqurların səsindən "dəhşətli dərəcədə qorxurlar".
Bu mütəxəssislərdən biri daha əvvəl bir sıra dövlət qurumlarında çalışıb.
Qeyd olunur ki, bu ilin əvvəlində Hindistan Açıq Çempionatı zamanı rezus makakalarından biri İndira Qandi adına qapalı stadiona daxil olub. Həmin arena avqustun 17-dən 23-dək keçiriləcək dünya çempionatına da ev sahibliyi edəcək.
Hindistan Badminton Assosiasiyasından bildirilib ki, beynəlxalq federasiya yarışların keçirilməsi üçün görülən tədbirlərdən "100 faiz razıdır".