Mumbay şəhərində yaşayış kompleksinin sakinləri dayanacaqdakı avtomobilin kapotunun altına girmiş böyük bir piton tapıblar. Hadisə Dahisar-Vest ərazisində qeydə alınıb.
Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, ətrafdakı insanlar uzunluğu iki metrdən çox olan iri ilanın yavaş-yavaş maşının altından mühərrik bölməsinə doğru irəlilədiyini görüblər. Bundan sonra binanın sakinləri nəqliyyat vasitəsinin ətrafına toplaşıblar. İlanın oradan çıxaraq insanlara zərər verə biləcəyindən narahat olan vətəndaşlar vəhşi heyvanların xilasetmə xidmətinə müraciət ediblər. Əraziyə gələn xilasedici kapotu qaldırdıqda mühərrikin yanında qıvrılmış vəziyyətdə olan pitonu görüb. Mütəxəssis sürünəni ehtiyatla oradan çıxararaq xüsusi torbaya yerləşdirib.
Təbii mühitinə buraxılmazdan əvvəl ilan mütəxəssislər tərəfindən yoxlanılıb. Bu, onun avtomobilin isti hissələrindən yanıq və ya hər hansı digər xəsarət almadığına əmin olmaq üçün edilib.