ABŞ hökuməti İranla mövcud münaqişənin qarşılıqlı anlaşma memorandumu yolu ilə həll olunması variantını nəzərdən keçirmir.
Oxu.Az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən Böyük Britaniyanın "Financial Times" nəşri məlumat yayıb.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın Administrasiyası memorandum əvəzinə "daha əhatəli müqavilə" imzalamağı planlaşdırır. Bu sənədə həm Hörmüz boğazı, həm də Tehranın nüvə proqramı ilə bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulur.
Nəşr, həmçinin vurğulayır ki, hazırda ABŞ ilə İran arasında danışıqlar dayandırılıb. Bununla belə, adının çəkilməsini istəməyən diplomatlar bildiriblər ki, vasitəçilər Vaşinqton və Tehran arasındakı kommunikasiya kanallarını açıq saxlayıb və yeni saziş üçün baza formalaşdırmağa çalışırlar.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqtonla Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qarşılıqlı anlaşma memorandumu imzalamışdı. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşdırılmış şərtləri pozmaqda günahlandıraraq, irimiqyaslı zərbələri yenidən bərpa etdi. Qlobal neft ticarətinin təqribən 25 faizi, mayeləşdirilmiş təbii qazın isə 20 faizə yaxın hissəsi məhz bu boğaz vasitəsilə daşınır.