Yaxın Şərq regionundan Hörmüz boğazı vasitəsilə hər gün təxminən 7 milyon barel neft və yanacaq daşınır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
* ABŞ-nin İrana qarşı səkkiz gün davam edən hücumları: Tehrandan kritik açıqlama gəldi
* SEPAH Hörmüz boğazında gəmilərlə bağlı insidentlərin olduğunu bəyan edib
* İranlı deputat ABŞ-nin ölkəyə qoşun yeritmək riskindən danışdı
Nazirin sözlərinə görə, ABŞ Hörmüz boğazında azad gəmiçiliyə İranla sülh yolu ilə əldə olunan razılaşma çərçivəsində nail olmağa üstünlük verir, lakin razılaşma olmasa belə, gəmilərin bu strateji su yolundan keçidini təmin etməkdə qərarlıdır.
"ABŞ Prezidenti Donald Tramp məsələni sülh yolu ilə həll etmək istəyir, lakin bunun üçün qarşı tərəfin də iştirakı lazımdır. Əgər onlar buna hazırdırsa, hər şey razılıqla başa çatar. Əks təqdirdə, İranın əməkdaşlığı olmadan da Hörmüz boğazından keçidi təmin etməyə davam edəcəyik", - deyə o, "ABC News" telekanalına müsahibəsində bildirib.
ABŞ Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, Yaxın Şərq regionundan gündəlik neft tədarükü 14 milyon bareldən bir qədər aşağıdır. Bunun 7 milyon bareli Hörmüz boğazı vasitəsilə gəmilərlə, qalan hissəsi isə neft kəmərləri ilə ötürülür. Müqayisə üçün bildirək ki, fevral ayının sonunda münaqişənin əvvəlində boğazın faktiki olaraq bağlanması səbəbindən təxminən 20 milyon barel həcmində gündəlik tədarük çətinləşmişdi.
Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı birgə hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüşlərin dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da, iyulun əvvəlində tərəflər arasında gərginlik yenidən artıb. ABŞ İranı razılaşma şərtlərini pozmaqda ittiham edərək, Hörmüz boğazı istiqamətindəki hədəflərə qarşı zərbələri yenidən aktivləşdirib.