İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin "Amazon" şirkətinin Bəhreyndə yerləşən məlumatların emalı mərkəzini məhv etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, mərkəzə endirilən ikinci zərbədir.
"ABŞ ordusu üçün məlumatların toplanmasında əsas rol oynayan "Amazon" şirkətinin data mərkəzinin binası dağıdılıb", - məlumatda bildirilib.
Xatırladaq ki, SEPAH bundan əvvəl - iyulun 21-də həmin data mərkəzin qanadlı raketlər vasitəsilə vurulduğunu elan etmişdi.
İran silahlı qüvvələri ABŞ-nin Küveytdəki hərbi obyektlərinə növbəti hücumlar edib.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"İran ordusu "Araş" pilotsuz uçuş aparatları ilə Əl-Udeyri düşərgəsində ABŞ-nin hərbi texnika anbarlarına, Doha düşərgəsində hərbçilərinin yerləşdiyi obyektlərə, eləcə də "Arifcan" bazasındakı dislokasiya mövqelərinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunur.
İran Silahlı Qüvvələri ötən gecə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-nin Bəhreyndəki Şeyx-İsa və İordaniyadakı Əl-Əzraq bazalarına zərbələr endirərək yanacaq çənlərini və anbarları vurub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə İran Silahlı Qüvvələrinin açıqlamasında bildirilir:
"İran PUA-ları Bəhreyndəki Şeyx-İsa bazasında yanacaq anbarlarına, depolara və avadanlıqların olduğu böyük anqarlara və ABŞ ordusunun yerləşdiyi məkanlara zərbələr endirib. Əməliyyat zamanı həmçinin İordaniyadakı Əl-Əzraq bazasında təyyarələrin təmiri və texniki xidməti üçün nəzərdə tutulan anqarlara və Amerika ordusunun yerləşdiyi nöqtələrə PUA-larla hücum edilib".