Kubra Məhərrəmova yazır...
İran rejiminin rəsmi Bakıya qarşı münasibəti hər zaman birmənalı olub - yəni mənfi. Bunu bəzi dairələr qəbul etsə də, etməsə də, həqiqət dəyişmir. Üzdə "qardaş-qonşu" münasibətindən dəm vuran İran, beynəlxalq hüquq tərəfindən tanınan müstəqil və suveren Azərbaycan Respublikasına qarşı mütəmadi olaraq alçaldıcı ritorika nümayiş etdirir. Teleqram kanallarında və rəsmi medialarında "Bakı Respublikası", "Bakı hökuməti" və ya "Bakı rejimi" kimi ifadələr işlətməklə, Azərbaycana olan əsl "sevgi və sayğısını" hər dəfə sübut edir.
Bu ifadələrin yeganə məqsədi Azərbaycan dövlətçiliyini kiçiltmək və dövlətin rəsmi adını işlətməkdən yayınaraq daxildəki siyasi aqressiyanı qusmaqdır. Bu məkrli siyasi xətt Birinci Qarabağ savaşından sonra 30 il boyunca erməni işğalı ilə üz-üzə qalan Azərbaycan xalqını mənəvi cəhətdən sındırmaq cəhdləri ilə davam etdirildi. Rəsmi Tehran öz ağır artilleriyasını - yəni bəzi "mollaları" qabağa verərək, anti-Azərbaycan mesajlarını tirajladılar.
İran rejiminin "incilərindən" biri, Ərdəbil imam-cüməsi Seyid Həsən Amili vaxtilə nə demişdi?
"Əgər Azərbaycan torpaqlarını azad etmək istəyirsə, gərək döyüşə. Amma bunu edə bilməz. Çünki buna qüvvəti-qüdrəti yoxdur. Mahnı oxumaqla, meyxana deməklə torpaq almaq mümkün deyil".
Ərazisinin 20 faizi işğal altında olan, bir milyondan çox köçkünü-qaçqını olan bir xalqa, özü də "qonşu" dediyin bir topluma qarşı bu riyakarlığı necə etmək olar? Deməli, İran üçün ortada nə dost, nə də qardaş Azərbaycan xalqı var. Azərbaycandan fərqli olaraq, İran rejimi bizi hər zaman potensial düşmən gözündə görüb.
Tehranın təhdidlərinin real və hərbi təzahürünə bu il gözlərimizlə şahid olduq. Rəsmi Tehran hələ heç daxili böhranlarını həzm etməmiş, ölüsünü-dirisini dəfn etməyə macal tapmamış 5 mart 2026-cı il tarixində dörd ədəd "Arash-2" tipli kamikadze PUA-sından istifadə edərək Azərbaycana qarşı təxribat törətdi. Biz də bir daha anladıq ki, İran heç də qardaş-qonşu deyil. O, Azərbaycanı hər fürsətdə arxadan vurmağa çalışan fitnəkar bir düşməndir.
Yeri gəlmişkən, İranın o məşhur "qırmızı xətti"ni də unutmamışıq. Çünki rəsmi Tehranın həmin "möhtəşəm" ifadələrini sadalamadan bu gün regionda baş verən prosesləri anlamaq sadəcə mümkün deyil.
İlk dəfə "qırmızı xətt" ifadəsini rəsmi səviyyədə İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşü zamanı 2021-ci ildə işlətmişdi: "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir". Yəni İkinci Qarabağ savaşından dərhal sonra, Azərbaycan öz doğma torpaqlarını işğaldan azad edəndən sonra!
Növbəti dəfə eyni ifadəni Ayətullah Əli Xamenei 30 iyul 2024-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Tehrandakı görüşündə təkrarladı: "İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın zərərinə hesab edir və biz bu mövqeyi qoruyuruq. Zəngəzur dəhlizi İran üçün qırmızı xətdir". Eyni qəbildən olan aqressiv bəyanatları mərasimlərdə İranın indiki xarici işlər naziri Abbas Əraqçı, İranın Ermənistandakı səfiri Mehdi Sobhani və digərlərinin çıxışlarında da dəfələrlə görmüşük.
Bütün bu təhdidlərdən sonra ən çox təəssüf və ağrı doğuran məqam nədir? Azərbaycanda yaşayan xeyli sayda insanın hələ də İranı özünə "doğma" bilməsidir. Bu məqam artıq mənəvi tərəfi keçərək, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir.
Dünən isə İranın Azərbaycandakı keçmiş səfiri, hazırda İran İslam Respublikası Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvi yenidən ortaya düşərək "Qafqaz bizim evimizdir" ifadəsini işlədib. O iddia edir ki, bu bölgə İran üçün xüsusi əhəmiyyət daşıyır və Qafqaz tarixən İranın təsir və sivilizasiya arealının bir hissəsi olub.
Bütün bu qəliz, pafoslu cümlələrin arxasında tək bir məqsəd və tək bir qorxu dayanır: İran, Azərbaycanın regiondakı hərbi-siyasi gücünün artmasından və həlledici qərarları təkbaşına verməsindən dəhşətli dərəcədə narahatdır! Odur ki, əlindəki bütün ideoloji, dini və hərbi-siyasi vasitələrlə rəsmi Bakıya təzyiq göstərməyə çalışır.
Diqqət edin, Bakıdan və ya Ankaradan "Zəngəzur dəhlizi" ifadəsi işlənən kimi İranın ürək döyüntüləri sürətlənir, siyasi elitası infarkt və insult həddinə çatır. Bəs regionda özünü "qoçu" kimi aparan, hər kəsə hədə gələn bu rejim əslində nədən qorxur?
Tehran qorxur ki, Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistan vasitəsilə Avropaya və Rusiyaya çıxan strateji quru yolu tamamilə əhəmiyyətini itirəcək və ya kəsiləcək.
Regionda Türkiyə və Azərbaycanın geosiyasi, logistik təsiri maksimum dərəcədə artacaq.
Təsəvvür edin, otuz ilə yaxındır ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə quru və hava əlaqəsini təmin etmək üçün məhz İran ərazisindən (hava məkanından və yollarından) istifadə etməyə məcbur qalıb. Dəhliz açılacağı təqdirdə Bakının Tehrandan heç bir asılılığı qalmayacaq. İranın rəsmi Bakıya qarşı istifadə etdiyi sonuncu böyük təzyiq rıçaqı da sıfırlanacaq.
Zəngəzur dəhlizinin fəaliyyətə başlaması təkcə Bakı ilə Ankaranı coğrafi olaraq birləşdirmir, həm də Mərkəzi Asiyanın Türk Dövlətləri ilə birbaşa nəqliyyat, ticarət və logistika qapısını açır.
Son zamanlar Türk dövlətləri arasında mənəvi, siyasi və iqtisadi bağlar yüksələn xətlə inkişaf edir. Təbii ki, bu inteqrasiyanın və türk düşüncəsinin oyatdığı milli şüurun müasir İran ərazisində yaşayan 40 milyonluq Güney azərbaycanlı payı da var. Bu coğrafi gedişat Tehran rejimi üçün daxildə bir gün çox möhkəm partlayacaq bomba təhlükəsi yaradır.
Və nəhayət, İranın ən böyük dərdi - Çinin "Bir Kəmər, Bir Yol" meqa-layihəsindən tamamilə kənarda qalmaq qorxusudur. Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizi "Orta Dəhliz"in (Trans-Xəzər Marşrutu) ən mühüm və rentabelli halqası kimi nəzərdən keçirilir. Zəngəzur dəhlizi işə düşən kimi İran qlobal tranzit xəritəsində oyundankənar vəziyyətdə qalır.
Yəni İranın atdığı bütün addımlar, dediyi bütün sözlər ancaq bir amala xidmət edir: Azərbaycanı zəif salmaq, ölkə daxilində dini-etnik zəmində çaxnaşma yaratmaq və rəsmi Bakının strateji planlarına mane olmaq.
Amma bu tarixi faktı hər bir azərbaycanlı mütləq bilməlidir: İran heç vaxt Azərbaycanın müstəqil, güclü bir dövlət olmasını istəməyib. Təkcə bu fakt kifayətdir ki, "müsəlman qardaşımız" dediyimiz İran, Azərbaycanın müstəqilliyini dünyada ancaq beşinci ölkə olaraq tanıdı. Həm də xristian Avropa dövlətləri olan Rumıniya və İsveçrədən belə sonra! Müstəqilliyimizi tanıyan ilk ölkə isə hər zaman yanımızda olan Türkiyə Cümhuriyyətidir.
Tarix sadəcə hadisələrin xronologiyası deyil, həm də gələcək gedişlərin xəttini müəyyən edən danılmaz faktdır. Əlbəttə ki, Zəngəzur dəhlizi açılacaq, Azərbaycanın Naxçıvana birbaşa və təhlükəsiz quru yolu reallaşacaq. O yoldan yüklər də, insanlar da keçəcəklər. Tarixin arxivində qalıb keçməyən isə Tehranın hədələri, təhdidləri və köhnəlmiş imperiya ambisiyaları olacaq. Süquta uğrayanda da kişi kimi uğramaq lazımdır - ən azı yüzillik tarixlərə hörmət əlaməti olaraq.