Qətər hakimiyyəti mart ayında təyyarələri ölkənin hava məkanını pozan İran hərbi pilotlarının əsir götürülməsi barədə İran tərəfinin yaydığı məlumatları qəti şəkildə təkzib edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari bildirib.
Diplomat qeyd edib ki, İran pilotlarının saxlanılması ilə bağlı yayılan məlumatları qəti şəkildə rədd edirlər və regionda gərginliyin azaldılması istiqamətində davam edən diplomatik səylər fonunda bu cür yanlış məlumatların məhz indi yayılmasına təəccüblənirlər.
XİN nümayəndəsinin sözlərinə görə, ekipajlara sərhəd pozuntusu barədə xəbərdarlıq edilib. Pilotlarla əlaqə yaratmaq cəhdləri nəticəsiz qaldıqdan və döyüş qaydalarına əməl edildikdən sonra beynəlxalq hüququn tələblərinə uyğun olaraq Qətər ərazisini qorumaq üçün zəruri tədbirlər görülüb.
Əl-Ənsari həmçinin bildirib ki, axtarış-xilasetmə qrupları pilotlardan birinin meyitinin qalıqlarını aşkar edib. Doha beynəlxalq humanitar hüquqa uyğun olaraq meyitin təhvil verilməsini əlaqələndirmək üçün Tehranla əlaqə saxlayıb. Qətər hələ aprel ayında İran nümayəndə heyətini axtarış əməliyyatının detalları ilə tanış olmağa dəvət etsə də, İran tərəfi buna indiyədək cavab verməyib.
Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüş şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Baqerzade İranın üç Su-24 pilotunun - Cavad Salehi, Əbdülməcid Daştiyan və Omran Behruzianın - mart ayında döyüş uçuşu zamanı təyyarələrinin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.
Onun sözlərinə görə, pilotlar artıq altı aydır əsirlikdədirlər və Qətər hökuməti onların ailələri ilə görüşməsinə icazə vermir. Baqerzade Beynəlxalq Qızıl Xaç Komitəsini pilotlara baş çəkməyə və onların azad edilməsinə yardım göstərməyə çağırıb.
Mənbədə qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında İslamabadın vasitəçiliyi ilə Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmaların pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.