İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və PUA (Pilotsuz Uçuş Aparatları - dron) hücumlarının yeni dalğasına başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi mənbələrə istinadən məlumat verib.
"İsrail ərazisinə davam edən intensiv raket və PUA hücumları ilə eyni zamanda İran Silahlı Qüvvələri Qərbi Asiyadakı ABŞ bazalarına yeni raket və dron hücumu dalğası başladıb", - deyə məlumatda bildirilib.
Doha, Küveyt, Dubay, Bəhreyn və Əbu-Dabidəki ABŞ bazaları zərbəyə məruz qalıb.
"Reuters"in məlumatına görə, İraqın şimalında, İraq Kürdüstanının inzibati mərkəzi olan Ərbil hava limanı üzərində ən azı üç PUA vurulub.
Bildirilir ki, PUA-lar ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi ərazi üzərində məhv edilib.
İran İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanına yaxın ərazidə yerləşən NATO-nun Viktoriya bazasına hücum həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) rəsmi açıqlama yayıb.
Yayılan məlumata əsasən, hücum zamanı ABŞ-yə məxsus "Palm Jet" təyyarəsi vurulub, eyni zamanda, uçuş-enmə zolağına da ciddi zərər dəyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat Xidmətinin yaydığı açıqlamaya görə, bazaya üç kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil olunub.
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
İraqda fəaliyyət göstərən və Tehran tərəfindən dəstəkləndiyi bildirilən radikal qruplaşmalar regionda gərginliyin artmasından bəri ABŞ hərbi bazalarına 20-dən çox hücum həyata keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, İranyönlü qüvvələr ABŞ-ni həm İraq ərazisində, həm də ölkədən kənarda yerləşən hərbi bazalarına ümumilikdə 23 hücum təşkil edib.
Məlumata görə, Vaşinqton əvvəlcədən Bağdada yerli şiə silahlı qruplaşmalarının regional münaqişəyə cəlb olunmaması barədə xəbərdarlıq edib. Buna baxmayaraq, eskalasiya başlayandan az sonra "Kataib Hizbullah" qruplaşması İraqdakı, o cümlədən İraq Kürdüstanındakı ABŞ obyektlərinə hücumlara hazır olduğunu bəyan edib.