Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kamala Harris ilkin sorğuda Trampı qabaqladı
ABŞ-nin vitse-prezidenti Kamala Harris ilkin sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı iki faiz qabaqlayır.
Oxu.Az bildirir ki, bu barədə "Reuters"in "Ipsos" sorğusunun nəticələrinə əsasən verdiyi məlumatda deyilir.
Araşdırma 22-23 iyul tarixlərində hazırkı Prezident Co Baydenin seçki yarışından çəkilməsindən sonra aparılıb. O, Demokratlardan namizəd kimi Harrisin irəli sürülməsini təklif edib. Harris razılaşıb, avqustda Çikaqoda keçiriləcək partiya qurultayında iştirak edəcək nümayəndələrin əksəriyyəti də onu dəstəkləyib.
Sorğunun nəticələrinə görə, Harrisi respondentlərin 44%-i, Trampı isə 42%-i dəstəkləyib. 15-16 iyul tarixlərində keçirilən sorğuda onların hər ikisi 44% səs toplamışdı, iyulun 1-2-də isə Tramp Harrisi bir faiz bəndi qabaqlamışdı.
Qeydiyyatdan keçmiş seçicilərin təxminən 56%-i 59 yaşlı Harrisin iti zehnə və problemləri həll etmək qabiliyyətinə sahib olduğu fikri ilə razılaşıb. 78 yaşlı Trampı respondentlərin 49%-i, 81 yaşlı Baydeni isə 22%-i bu cür xarakterizə edib.
Demokrat seçicilərin təxminən 80%-i Bayden haqqında müsbət fikirdə olduğunu bəyan edib, 91%-i Harris haqqında eyni fikirdə olduğunu bildirib.
Sorğu iştirakçılarının dörddəüçü Demokrat Partiyasının Harrisin namizədliyini dəstəkləməsi ilə razılaşıb, dörddəbiri isə namizədlik uğrunda bir neçə şəxsin mübarizə aparmalı olduğuna inandığını qeyd edib.
Rəylər