13 may 2024-cü ildə Fransa hökumətinin Kanakidə (Yeni Kaledoniya) seçici korpusunu zorla dəyişdirməklə müstəmləkəçilik idarəçiliyini möhkəmləndirmək və süni şəkildə adaya köçürülənlər hesabına yerli xalqın siyasi iradəsini boğmaq cəhdlərinə qarşı dinc etiraz aksiyalar başladı.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, Fransa tərəfindən irəli sürülən bu təşəbbüsün əsas məqsədi kanak xalqının siyasi iradəsini sistemli şəkildə zəiflətmək, demoqrafik və seçki balansını Fransanın tərkibində qalmaq istəyən elektoratın xeyrinə dəyişdirmək, xüsusilə kanak xalqının öz müqəddəratını təyinetmə proseslərinə və mümkün müstəqillik referendumlarının nəticələrinə birbaşa təsir göstərmək idi. Rəsmi Paris bununla Kanakidə (Yeni Kaledoniya) müstəmləkə idarəçiliyini institusional səviyyədə möhkəmləndirməyə və Fransa dövlətinin siyasi nəzarətini uzunmüddətli perspektivdə qoruyub-saxlamağa çalışırdı.
Fransa hökuməti etirazçılara qarşı genişmiqyaslı repressiv güc tətbiq etmiş, adaya minlərlə polis, jandarm və hərbçi yerləşdirilmiş, zirehli texnika və xüsusi təyinatlı qüvvələr əraziyə cəlb olunmuşdu. Eyni zamanda, yerli əhali üzərində nəzarəti sərtləşdirmək məqsədilə komendant saatı tətbiq edilmiş, fövqəladə vəziyyət elan edilərək hərbiləşdirilmiş idarəetmə formasına keçilmişdi.
Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi sərt təhlükəsizlik və repressiya siyasəti ciddi insan itkisi və genişmiqyaslı hüquq pozuntuları ilə nəticələnib. Hadisələr zamanı azı 14 nəfər yerli kanak həyatını itirib, yüzlərlə insan yaralanıb, minlərlə şəxs isə saxlanılaraq hüquqi və fiziki təzyiqlərə məruz qalıb. İlkin mərhələdə 243 nəfərin həbs edildiyi bildirilsə də, sonrakı aylarda bu rəqəm əhəmiyyətli dərəcədə artıb.
Kanak xalqının haqlı etirazlarının koordinasiyasını, məlumat yayımını və beynəlxalq ictimaiyyətin hadisələr barədə məlumatlandırılmasının qarşısını almaq məqsədilə Fransa hakimiyyəti informasiya məkanına nəzarəti sərtləşdirərək sosial şəbəkələrə girişə məhdudiyyətlər tətbiq edib, bəzi platformalar bloklanıb.
2024-cü il 13 may hadisələrindən sonra Yeni Kaledoniyadakı vəziyyət beynəlxalq təşkilatlar tərəfindən ciddi narahatlıqla qarşılanıb. BMT-nin müvafiq qurumları Fransanın seçici korpusunu dəyişdirmək təşəbbüsünün kanak xalqının siyasi hüquqlarına, öz müqəddəratını təyinetmə hüququna və dekolonizasiya prosesinə zidd olduğunu vurğulayıb, Fransanı yerli xalqın razılığı olmadan siyasi dəyişikliklərdən çəkinməyə çağırıb.
BMT ekspertləri güc tətbiqi, kütləvi həbslər və repressiv tədbirlərlə bağlı narahatlıq ifadə edərək Kanaki məsələsinin təhlükəsizlik deyil, beynəlxalq hüquq və dekolonizasiya məsələsi olduğunu qeyd ediblər. Bununla yanaşı, "Melanesian Spearhead Group", "Pacific Islands Forum" və "Pacific Conference of Churches" kimi regional təşkilatlar Fransanın seçki sisteminə müdaxilə və repressiv siyasətinin bölgədəki gərginliyi daha da artırdığını bəyan ediblər.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Kanakidə 13 may 2024-cü ildə baş vermiş hadisələrə dərhal reaksiya verərək bəyanatla çıxış edib.
BTQ Fransa hökumətinin tətbiq etdiyi informasiya blokadasını yarmaq üçün ilk gündən adada baş verənlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırıb. Eyni zamanda, həlak olan və həbs edilən kanakların ailə üzvlərinə dəstək olub.