Gürcüstanın baş nazirinin müavini, Energetika naziri Kaxi Kaladze jurnalistlərin EBRD-da (European Bank for Reconstruction and Development) olmasına dair verdikləri suala cavab kimi gülərək “mən elə deyiləm” deyə cavab verib.
Oxu.Az Novosti-Qruziya-ya istinadən xəbər verir ki, gürcü kinorejissoru, iqtidar koalisiyasının deputatı Soso Caçvliani parlamentin bu ərəfədə keçirilən iclasında Avropa Yenidənqurma və İnkişaf Bankının – EBRD (European Bank for Reconstruction and Development) ingilis adını əxlaqsız yuva adı ilə səhv salmışdı.
“Mən elə deyiləm, siz nə düşünürsüz... Mən zarafat edirəm, Avropa Yenidənqurma və İnkişaf Bankına gəldikdə isə biz bu bankla fəal əməkdaşlıq edirik. Bu bank enerji sahəsində bir çox vacib layihələri maliyyələşdirib, bu əməkdaşlıq uzun illərdir ki, davam edir... Əminəm ki, bu səmimi və dost münasibətləri gələcəkdə də davam edəcək”, - Kaladze “İmedi” teleşirkətinin efirində bildirib.
Deputat Caçvliani müxalifətçi həmkarı Eka Xerxeulidzenin, ona EBRD konfransı üzündən iclası buraxmasına dair iradını özünə qarşı təhqir kimi qəbul edib. Kinorejissor Xerxeulidzeni onun ailəsini dağıtmağa cəhd etməkdə ittiham edib. Hər ehtimala qarşı Caçvliani həmkarlarını əxlaqsız qadınların xidmətindən heç vaxt istifadə etmədiyinə əmin edib.
E.Ə.
www.oxu.az