ABŞ Ukraynanı Rusiya ilə münaqişəyə son qoymaq üçün təklif olunan sazişlə razılaşmayacağı təqdirdə onlara edilən yardımları tamamilə kəsəcəyi ilə hədələyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" nəşri vəziyyətlə tanış olan yüksəkvəzifəli Ukrayna rəsmisinə istinadən məlumat verib.
Mənbə qeyd edir ki, buraya hava hücumundan müdafiə raketlərinin tədarükünün kəsilməsi, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması daxil ola bilər.
Xatırladaq ki, daha əvvəl İsveçrədə ABŞ-nin Ukrayna üzrə sülh planı üzrə danışıqlar keçirilib. ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında görüş 23 noyabr axşamı başa çatıb. ABŞ dövlət katibi Marko Rubio sammitdən sonra tərəflərin irəliləyiş əldə edilməsinə müvəffəq olduğunu bildirib. Qeyd edib ki, münaqişənin nizamlanması planı üzərində iş davam etdiriləcək.
Vaşinqton Kiyevdən Ukrayna böhranının nizamlanması üçün danışıqlar üçün ABŞ-nin planının əsas götürülməsini tələb edir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ rəsmiləri Ukraynanı Rusiya ilə hərbi əməliyyatların dayandırılmasına dair 28 bəndlik planın danışıqlar üçün əsas götürülməsinə və bu barədə müvafiq bəyanatla çıxış etməyə təşviq edirlər".
Eyni zamanda, Ukraynanın sülh planına dəstəyinin təmin edilməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən müəyyən edilmiş 27 noyabr tarixi son möhlət deyil və ABŞ Dövlət katibi Marko Rubionun sözlərinə görə, bu barədə qərar gələn həftə qəbul edilə bilər.
Ağ Evin daha əvvəl yayılmış bəyanatında deyildiyinə görə, Cenevrədə danışıqlar zamanı Ukrayna nümayəndə heyəti təsdiqləyib ki, Ukrayna böhranının nizamlanmasına dair sözügedən planın layihəsi onun milli maraqlarına cavab verir. Belə ki, o, ölkənin təhlükəsizliyinin təmin edilməsinin etibarlı və həyata keçirilə bilən mexanizmlərini nəzərdə tutur.
ABŞ-nin KİV-ə məlum olan planına əsasən, Birləşmiş Ştatlar və digər ölkələr Rusiyanın Krım, Donbas və Ukraynanın imtina etməli olduğu digər ərazilər üzərində suverenliyini tanımalı olacaqlar. Bunun müqabilində Kiyev ABŞ və Avropadan təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarılacağı bölgələrdə hərbsizləşdirilmiş zonanın yaradılması nəzərdə tutulur.
"Axios" portalının amerikalı məmura istinadla yazdığına görə, Xerson və Zaporojye vilayətlərində münaqişə tərəfləri arasındakı təmas xətti dondurulacaq və Rusiya bəzi bölgələri Ukraynaya qaytarmalı olacaq. Ukrayna ordusu əhəmiyyətli dərəcədə azaldılacaq və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsi qadağan ediləcək və rus dili dövlət dili olacaq. "Bloomberg" agentliyinin yazdığına görə, ABŞ-nin yeni planı Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını da nəzərdə tutur.