İran Silahlı Qüvvələri Hörmüz boğazından Tehranın icazəsi olmadan keçməyə cəhd edən və Tailand bayrağı altında üzən gəmiyə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına məhəl qoymayıb və boğazın akvatoriyasında hərəkətini davam etdirməyə çalışıb. Bundan sonra İran hərbçiləri gəmiyə zərbə endirib.
Hücum nəticəsində dəymiş zərər və xəsarət alanlar barədə məlumat verilməyib.
ABŞ-İran münaqişəsində növbəti eskalasiya iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalanandan sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə silsilə zərbə endirib. ABŞ bunu Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab kimi izah edib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.