Litva Seymi (parlamenti) Litva Sosial Demokrat Partiyasının (LSDP) 42 yaşlı lideri Mindauqas Sinkyaviçyusun baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə qanunverici orqanın rəsmi saytında məlumat verilib.
"Baş nazir vəzifəsi titul və ya şəxsi ambisiyalar məsələsi deyil. Bu, hökumətin fəaliyyətinə, bəzən narahatlıq doğuran, lakin zəruri qərarlara görə məsuliyyəti öz üzərinə götürmək deməkdir", - deyə Seymin mətbuat xidməti Sinkyaviçyusun sözlərindən sitat gətirib.
Mindauqas Sinkyaviçyus Litva tarixində bu vəzifəyə təyin olunan ən gənc baş nazir olub. Buna qədər ölkə tarixinin ən gənc baş naziri İnqa Ruginene idi. O, baş nazir postuna təyin olunarkən 44 yaşında olub.
LSDP liderinin namizədliyini 80 deputat dəstəkləyib, iki deputat əleyhinə səs verib, 28 deputat isə bitərəf qalıb.
Parlament üzvlərinin fikrincə, Sinkyaviçyus gənc yaşına baxmayaraq, hökumətə rəhbərlik etmək üçün bütün zəruri keyfiyyətlərə malikdir.
Xatırladaq ki, bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda hökumətin istefasını qəbul etmişdi. İnqa Ruginene və onun rəhbərlik etdiyi hökumət iyunun 23-də səlahiyyətlərini təhvil verib. İstefaya hakim koalisiyada baş verən dəyişikliklər səbəb olub.