"Tehran Vaşinqtonla yekun sazişə dair danışıqlara yalnız İran-ABŞ memorandumunun müəyyən bəndləri icra edildikdən sonra başlayacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai deyib.
"ABŞ rəsmiləri ilə görüşün mütləq bir məqsədi və zərurəti olmalıdır. Əgər yekun saziş üzrə danışıqların başlamasından söhbət gedirsə, bu, qarşılıqlı anlaşma memorandumunun 1, 5, 10 və 11-ci bəndlərinin yerinə yetirilməsi ilə bağlıdır. Yaxın günlərdə biz mövcud prosesi təhlil etməli və yekun razılaşma üzrə danışıqlara nə vaxt başlayacağımıza qərar verməliyik", - deyə o, mətbuat konfransında bildirib.
Sözügedən bəndlər aşağıdakı məsələləri ehtiva edir:
1. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası, eləcə də cari münaqişədəki müttəfiqləri bu Anlaşma Memorandumunu imzalayaraq, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırılmasını elan edirlər. Tərəflər bundan sonra bir-birinə qarşı hər hansı müharibə və ya hərbi əməliyyatlara başlamamaq, güc tətbiqindən və ya hədələrdən çəkinmək, həmçinin Livanın ərazi bütövlüyü və suverenliyini qorumaq barədə öhdəlik götürürlər. Yekun müqavilə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin birdəfəlik bitməsini və bu bəndin digər şərtlərini təsdiq edəcəkdir.
5. Anlaşma memorandumu imzalandıqdan sonra İran İslam Respublikası 60 gün müddətində yalnız Fars körfəzindən Oman körfəzinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz və sərbəst keçidini təmin etmək üçün bütün səylərini göstərəcək. Ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq və İran İslam Respublikası tərəfindən hərbi, texniki maneələrin aradan qaldırılması və minalardan təmizləmə ehtiyacı nəzərə alınaraq 30 gün ərzində tam bərpa ediləcək. İran İslam Respublikası müvafiq beynəlxalq hüquqa və Hörmüz boğazı sahilyanı dövlətlərinin suveren hüquqlarına uyğun olaraq, Fars körfəzinin digər sahilyanı dövlətləri ilə müzakirələr çərçivəsində Hörmüz boğazının gələcək idarəçiliyini və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə dialoq aparacaq.
10. Amerika Birləşmiş Ştatları öhdəlik götürür ki, bu anlaşma memorandumu imzalandıqdan dərhal sonra və sanksiyalar tam ləğv edilənə qədər ABŞ Maliyyə Nazirliyi İranın xam neftinin, neft məhsullarının və törəmələrinin ixracına, həmçinin bank, sığorta, daşınma və s. daxil olmaqla bütün əlaqədar xidmətlərə icazələr verəcək.
11. ABŞ İranın dondurulmuş və ya istifadəsi məhdudlaşdırılmış vəsaitlərinin və aktivlərinin tam əlçatanlığını təmin etməyi öhdəsinə götürür. Bu anlaşma memorandumu qüvvəyə mindikdən sonra ABŞ və İran danışıqlar gedişində bu vəsaitlərin buraxılması ilə bağlı prosedurları qarşılıqlı şəkildə razılaşdıracaqlar. Sözügedən vəsaitlər, ilkin hesabda olmasından və ya köçürülməsindən asılı olmayaraq, İranın Mərkəzi Bankı tərəfindən təyin edilmiş hər hansı yekun benefisiara ödəniş üçün tam şəkildə istifadə edilməlidir. ABŞ buna uyğun olaraq bütün zəruri lisenziya və icazələri verməyi öhdəsinə götürür.