Rusiyada Pərakəndə Ticarət Şirkətləri Assosiasiyası (AKORT) RF-nın Federal Antimonopoliya Xidmətinə (FAX) sosial vacib ərzaqların qiymətini qeydə alacaq razılaşma layihəsi göndəriblər, bu barədə fevral ayının 25-də “Vedomosti” qəzeti sənədi hazırlayanlara istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, FAX təşəbbüsə pozitiv yanaşır, bunu xidmətin rəhbərinin müavini Andrey Kaşevarov təsdiq edib.
Razılaşma təsdiqləndikdən sonra qiymətlər iki ay müddətinə dondurulacaq. Cavabın bu günlərdə veriləcəyi gözlənilir.
Sənədə bütün mağazalar üçün qiyməti sabit qalacaq eyni və məcburi ərzaqların siyahısı daxil deyil. Hər bir pərakəndə satış vacib malların siyahısından seçim edərək öz səbətini təşkil edir.
Sosial vacib mallara onlarla ərzaq aiddir: mal əti, donuz əti, qoyun əti, toyuq, balıq, süd, bəzi süd məhsulları, qənd, duz günəbaxan yağı, yarmalar, kartof, kələm, kök, alma.
AKORT-un tərkibinə “Maqnit” X5 Retail Group, “Diksi”, Metro Cash & Carry, “Lenta”, “Billa”, “Azbuka vkusa” və s. mağazalar şəbəkəsi daxildir.