Niderland polisi sentyabrın 19-da Haaqada zorakılıq törədən anti-immiqrasiya nümayişçilərini aksiyasını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Hadisə nəticəsində 30 nəfər saxlanılıb, iki polis əməkdaşı xəsarət alıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları yaxın günlərdə videokadrların araşdırılması nəticəsində əlavə həbslərin də mümkün olduğunu bildiriblər.
Qeyd olunub ki, nümayişçilər miqrasiya siyasətinin sərtləşdirilməsini və sığınacaq axtaranlara qarşı tədbirlərin gücləndirilməsini tələb ediblər.
Yayılan görüntülərə görə, Niderland bayraqları və sağçı qruplarla əlaqəli bayraqlar daşıyan böyük qruplar polislə toqquşaraq onlara daş və şüşə butulkalar atıblar.
Polis avtomobillərindən biri yandırılıb, nümayişçilərdən bir qrupu isə aksiya keçirilən ərazinin yaxınlığındakı magistral yolu qısa müddətə bağlayıb.
Yerli KİV-in məlumatına görə, nümayişçilər sol-mərkəz təmayüllü "D66" partiyasının qərargahında da bir neçə pəncərəni sındırıblar.