Norveç Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) yeni təhlükəsizlik örtüyünün bərpası üçün 10.5 milyon dollar maliyyə vəsaiti ayıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Norveçin Kiyevdəki səfirliyi açıqlayıb.
Diplomatik missiyadan bildirilib ki, ayrılan vəsait Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq Çernobıl Əməkdaşlıq Hesabı vasitəsilə aidiyyəti üzrə yönəldiləcək.
Səfirlikdən əlavə edilib ki, bu maliyyə pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra stansiyanın dördüncü enerji blokunun üzərində yerləşən qoruyucu strukturun təmir işlərinə xərclənəcək.
Xatırladaq ki, ötən ilin fevralında Beynəlxalq Atom Enerjisi Agentliyi Çernobıl AES-in zədələnmiş dördüncü reaktorunu örtən yeni sarkofaqda partlayış baş verdiyini elan etmişdi.