Norveç parlamentində yerli siyasətçilərin və diplomatların yetkinlik yaşına çatmayanların cinsi istismarında təqsirləndirilən Ceffri Epşteynlə mümkün əlaqələrini araşdıran açıq dinləmələrə başlanılıb.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, məsələ ilə əlaqədar olaraq, Nəzarət və Konstitusiya Məsələləri üzrə Komitə tərəfindən on bir nəfər fəaliyyətdə olan və keçmiş nazir, o cümlədən hazırkı Baş nazir Yonas Qar Störe dinləmələrə dəvət ediliblər.
Bu araşdırmalar ABŞ Ədliyyə Nazirliyinin cari ilin yanvarında Epşteynin dünya elitası ilə təmaslarını ifşa edən milyonlarla sənədi ictimailəşdirməsindən sonra gündəmə gəlib. Məhz həmin sənədlərin yayılması Norveçdə həm parlament, həm də polis səviyyəsində bir sıra təhqiqatların başlamasına təkan verib. Ölkə parlamenti son 30 illik diplomatik fəaliyyət tarixini təftiş etmək məqsədilə xüsusi komissiya formalaşdırıb.
Bildirilir ki, aralarında sabiq baş nazir Torbyorn Yaqlandın da olduğu bir neçə məşhur Norveç vətəndaşına qarşı korrupsiya ittihamları irəli sürülüb və hazırda istintaq gedir. Adıçəkilən şəxslərin hər biri onlara qarşı irəli sürülən ittihamları rədd edir.