Sentyabrın 30-da və oktyabrın 1-də Günəş səthində sondan əvvəlki güc kateqoriyası olan M sinfinə aid partlayışların baş verməsi ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
İnstitutdan qeyd edilib ki, göstərilən tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olsa da, M sinfinə aid partlayışlar istisna edilmir.
Rentgen şüalanmasının intensivliyindən asılı olaraq, Günəş partlayışları beş əsas sinfə bölünür: A, B, C, M və X. Ən zəif olan A0.0 sinfi Yer orbitində bir kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçid zamanı güc on dəfə artır. Bu partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarının yaranmasına gətirib çıxara bilər.