Yunanıstanın iki gəmisi Qara dənizdə atəşə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Yunanıstanın "Proto Thema" qəzeti məlumat yayıb.
Məlumata görə, avqustun 17-də axşam saatlarında Liberiya bayrağı altında üzən Yunanıstanın "ANNA S" yük gəmisinə Novorossiyskdən təxminən 20 dəniz mili məsafədə mərmi ilə zərbə endirilib. Həmçinin gəmiyə PUA-larla beş dəfə zərbə vurulub. "Neptune Tradebulk Inc." şirkətinə məxsus gəmi partlayış nəticəsində baş verən yanğın səbəbindən demək olar ki, tamamilə məhv olub.
Hələlik onun batıb-batmadığı və ya hələ də suyun səthində olduğu məlum deyil. Mərmi dəydiyi zaman "ANNA S" gəmisinin yükü olmayıb və o, taxıl yükləmək üçün Novorossiyskə istiqamət alıb. Quru yük gəmisinin göyərtəsində 21 ekipaj üzvü - 20 filippinli dənizçi və rumın kapitan olub. Onların hamısı gəmini tərk edib və həmin ərazidə olan digər Yunanıstan ticarət gəmisi "Elina B" tərəfindən xilas ediliblər. "Elina B" gəmisinin göyərtəsində 20 ekipaj üzvü olub.
Nəşrin məlumatına görə, təxminən beş saat sonra "ANNA S" gəmisinin dənizçilərini xilas edən gəmiyə də hücum edilib. PUA-ların iki zərbəsinə baxmayaraq, "Elina B" təxminən 9,5 düyün sürətlə Türkiyə limanına doğru hərəkətini davam etdirib.
Hadisə Rusiyanın taxıl və enerji daşıyıcılarının ixracının ən mühüm mərkəzlərindən biri olan Novorossiysk rayonunda kommersiya gəmiçiliyinin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb. "Proto Thema" qeyd edir ki, "ANNA S" gəmisi kommersiya məqsədilə taxıl daşıyırdı.
Yunanıstanın "Skai" telekanalı avqustun 16-da Qara dənizdə Yunanıstanın "Skiros" tankerinə Ukraynaya məxsus PUA-nın zərbə endirdiyini bildirmişdi.