Nyu-Yorkda Tayms meydanı yaxınlığında bir qadın iki şəxsə bıçaqla hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər meri Zohran Mamdani məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsə atəş açıblar. Hadisə nəticəsində bıçaqlı qadınla yanaşı, iki nəfər də xəstəxanaya yerləşdirilib. Daha sonra yaralılardan biri və hücum edən şəxs həyatını itirib.
"Böyük təəssüf hissi ilə bildirirəm ki, həm qurbanlardan biri, həm də şübhəli şəxs vəfat edib. Digər xəsarət alanın vəziyyəti isə hazırda sabit olaraq qalır", - deyə o qeyd edib.
Nyu-York polisinin komissarı Cessika Tişin sözlərinə görə, hücum edən qadının üzərində iki bıçaq olub. Şahidlərin polisə verdiyi ifadəyə əsasən, o, əvvəlcə metronun yanında dayanmış 68 yaşlı kişiyə yaxınlaşaraq onun kürəyinə zərbə endirib, təqribən 20 saniyə sonra isə 32 yaşlı qadına hücum edərək bıçağı onun qarnına sancıb. Həmin qadın sonradan dünyasını dəyişib.
Tiş həmçinin əlavə edib ki, saxlanılarkən cinayətkar qadın müqavimət göstərib və polis əməkdaşlarını öldürməklə hədələyib.
"Bu hadisədə Kuinsdən olan 49 yaşlı Pamela Sisnerosun şəxsiyyəti müəyyənləşdirilib. Onun Belvyu xəstəxanasında öldüyü təsdiqlənib. Nyu-York polisində onun psixi xəstəliklər tarixçəsi qeydə alınıb: biri 2018-ci, digəri isə 2019-cu ildə olmaqla iki insident sənədləşdirilib. Onun departamentdə əvvəllər həbs olunma keçmişi yoxdur", - deyə polis komissarı bildirib.