ABŞ-nin Nyu-York şəhərinin Yuxarı İst-Sayd rayonunda legionelloz xəstəliyinin yayılması nəticəsində ikinci ölüm halı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti səhiyyə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, son günlər yeni yoluxma hallarının sayında müşahidə olunan azalma infeksiya mənbəyinin, böyük ehtimalla, aradan qaldırıldığını göstərir. Xəstəliyin törədicisi olan bakteriyanın izləri bir neçə obyektdə, o cümlədən "Spence School" məktəbində aşkarlanıb.
Səhiyyə orqanları Manhettendə yerləşən bu rayonda legionellozun ilk qurbanı barədə bir gün əvvəl məlumat vermişdilər. Nəşrin yazdığına görə, şəhərdə indiyədək ən azı 72 yoluxma halı qeydə alınıb, 50-dən çox şəxs isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Legionella pneumophila" bakteriyası ilk dəfə 1977-ci ildə müəyyən edilib. Buna səbəb 1976-cı ildə ABŞ-də keçirilən legionerlərin toplantısından sonra baş vermiş ağır pnevmoniya alovlanması olub. Məhz buna görə xəstəlik sonradan "legionerlər xəstəliyi" adlandırılıb.
Mütəxəssislərin bildirdiyinə görə, legionelloz əsasən bakteriya ilə çirklənmiş su aerozollarının tənəffüs edilməsi nəticəsində yayılır. Bundan başqa, yoluxmuş suyun və ya buzun tənəffüs yollarına düşməsi də infeksiyaya səbəb ola bilər. Bu risk xüsusilə stasionar müalicə alan xəstələr üçün daha yüksək hesab olunur.