- Tək qayıda biləcəksən?
- Qayıdaram. Əsas odur, indi gecə vaxtı getməyə bir şey olsun.
- Gedək vağzala, bəlkə o tərəfə çıxan qatar oldu. Səni tək buraxmayacağam, heç olmasa Vinnitsaya qədər yanında olum, - deyə həmyerlim Ruslan mənə cavab verərək reaksiyamı gözləmədən telefonunu masadan götürüb oturduğumuz kafenin qapısına doğru yönəldi.
Onunla burada, İvano-Franskovskda tanış olmuşdum. Bura Xarkovdan Kiyev vasitəsilə iki gün yol gəlmişdim ki, çəkiliş zamanı artilleriya dalğasından sıradan çıxan bəzi texnikalarımı ala bilim. Çünki artıq müharibənin başladığı üçüncü həftə idi və Kiyevdə bütün dükanlar bağlı idi. Xarkov da, məlumdur ki, döyüş bölgəsi olduğu üçün heç iynə də tapılmırdı.
Ruslanı mənimlə İvano-Franskovskda azərbaycanlıların diaspor rəhbəri Mətləb tanış etmişdi. Ruslan ailəsi ilə birgə Mariupoldan mühasirədən çıxıb qərbi Ukraynaya sığınan azərbaycanlılardan idi. Amma burada da boş dayanmır, diaspora qoşulub həmyerlilərə kömək edirdi.
Biz İvano-Franskovsk vağzalına çatanda nəinki işıqsız və zil qaranlıq idi, ümumiyyətlə, heç insan gözə dəymirdi. Qapıda polislər və hərbçilər sənədlərimizi yoxlayıb içəri buraxdılar.
Vağzalda, əksər Ukrayna şəhərlərində olduğu kimi, artıq üçüncü həftə idi ki, kassalar da işləmirdi. Keçib peronda oturub gözlədik. Çünki təsadüfi qatarlar gəlib Kiyev istiqamətində atəşkəsin olduğu saatlarda irəliləyirdi.
Çox gözləmədik, zənnim yanılmadı: beş-altı vaqonluq qatar gəlib "fıss" edib peronda dayandı. Yaxınlaşıb öyrəndik ki, Çernovtsıdan gəlir. Vinnitsaya qədər dəqiq gedir. Oradan da Kiyevə vəziyyətdən asılı olaraq baxacaqlar.
Çünki məlum olduğu kimi, 2022-ci ilin fevralın sonundan aprelin 1-nə kimi Ukraynanın şimal vilayətləri - Kiyev, Jitomir və Çerniqov da aktiv döyüş bölgəsi idi.
Vaqonda demək olar ki, tək idik. Adətən, həmin ərəfədə Kiyevdən qərbə doğru gələn qatarlar basabas olurdu. Qərbdən Kiyevə, döyüşlər olan yerlərə isə demək olar ki, boş qayıdırdı.
Kupelərin birinə keçən kimi Ruslan uzanıb yatdı. Mən isə yuxulaya bilmirdim. Oturub pəncərədən uzaqlarda işaran partlayışlara tamaşa edirdim...
Vinnitsaya çatanda dan yeri sökülürdü. Səhər hələ açılmasa da, Vinnitsa vağzalında canlanma vardı.
Çünki şərqi vilayətlərdən, elə Kiyevdən də axışanlar Vinnitsada toplaşıb ya Moldova, ya da Polşa istiqamətində davam edirdilər. Bir sözlə, Avropada bütün yollar Romadan keçdiyi kimi, Ukraynada bütün yollar Vinnitsadan keçir...
- Oğlum, kömək edin, bəlkə siz bilirsiniz, Lvova qatar olacaqmı? - deyə perondakı insan selinin arasından arxadan titrək səsli qadın əlini çiynimə qoydu.
- Bilmirəm, açığı... Mən də indi düşdüm. Kiyevə çatmaq istəyirəm...
- Oy... Yaxşısı budur, getməyin. Kiyev indi çox qarışıqdır...
- Lap iki gün əvvəldən də betərdir? Srağagün oradaydım...
- Əlbəttə... Hər gün daha da qarışır, ruslar yaxınlaşdıqca... - deyə təxminən 50-55 yaşında görünən, yuxusuzluqdan gözləri şişmiş qadın məndən cavab ala bilməyib Lvova qatar axtarmaq üçün insanların içində irəliləyərək soraqlaşmağa davam etdi.
Papirosunu yandıran Ruslan qoluma toxunaraq sakitcə dilləndi:
- Getdik...
Vinnitsada axşama kimi gözlədim. Axşam saat 7 radələrində bir sürət qatarının Kiyevə çıxacağını eşidib Ruslanla sağollaşdım və vağzala gəldim. Ruslan isə Lvova, oradan da İvano-Franskovska qayıtmalı idi.
Vağzala çatan kimi elə həmin sürət qatarına dəng gəldim. Dediyim kimi, həmin vaxt kassalar, ümumiyyətlə, vağzal sistemi işləmirdi deyə kim hansı qatarı tapdısa, sərbəst keçib otururdu. Bir halda ki, Kiyevə qayıdan qatarların çoxu demək olar boş olurdu...
Kiçik fasilələrlə gecə saat 3-də Kiyevə çatdı. Ara-sıra minaatan və ya kiçikçaplı silah səsləri eşidilsə də, şəhərdə nisbətən sakitlik hökm sürürdü. Amma buna baxmayaraq, komendant saatı axşam 8-dən səhər 7-yə qədər sərt şəkildə qüvvədə idi. Teleqram kanalları hər gün komendant saatında baş verən küçə atışmaları, vurulan naməlum şəxslərlə bağlı xəbərlərlə dolub-daşırdı. Çünki komendant saatı vaxtı hər küçənin özünə aid parolunu kənardan ilk xəbərdarlıqda deməyən şəxs yerindəcə postdakılar tərəfindən güllələnirdi. Hərbi rejimin tələbi idi. Hər 200 metrdən bir post qurulmuşdu. Bütün Ukrayna şəhər və qəsəbələrində belə idi. Postlarda da, təbii ki, çoxu döyüşlərə cəlb olunduğu üçün polis və Milli Qvardiyada insan resursu çatışmazlığı səbəbindən mülki əhalidən seçilmiş insanlar daha çox keşik çəkirdi. Onların da əksəriyyəti qeyri-peşəkar olduğu üçün dərhal atəş açırdılar.
Qatardan Kiyev vağzalında düşdüm. Hava yumşaq idi. Martın 20-si idi.
Vağzalın içində çox da olmasa, insanlar vardı. Çoxu qaçqın kimi gəlib səhəri gözləyənlər idi ki, birtəhər üzü qərbə yola düşsünlər.
Kiyevdə yaşadığım yer vağzaldan piyada 2 kilometr olar, ya olmazdı. Amma yenə də komendant saatında, xüsusilə, onun sərt tələbləri fonunda ehtiyatlı olmalıydım. Ən azı küçə postlarında parolları bilmirdim... Komendant saatının bitməyinə isə hələ 4 saat vardı. Mən isə çatıb dincəlməli, səhər tezdən canlı efirə çıxmağa, ardınca çəkilişlərə hazırlaşmalıydım. Oturub düşündükcə "Facebook"da qurdalanırdım. Birdən gözümə daim sosial şəbəkədə Kiyevdə insanlara dəstəyini bildirən, ərzaq çatdırılması ilə bağlı paylaşımlar edən, eyni zamanda Kiyev ərazi müdafiə dəstəsində təmsil olunan həmyerlim Şamxal Quliyev sataşdı. Hələ də "Facebook"da onlayn idi. Bir-iki dəfə ünsiyyətimiz olmuşdu, həmişə də "istənilən vaxt nə lazımdır, çəkinməyin, deyin, mən Kiyevdəyəm", - deyə təkrar edirdi. Və yadıma düşdü ki, həm də o da vağzala yaxın qalır. Bunu xatırlayıb mesencerdə ona zəng etdim:
- Salam. Bağışlayın, narahat etdim...
- Buyurun, Mübariz. Xoşdur. Salamatlıqdır? Gecə vaxtı... - axıra çatmasına imkan verməyib xahişimə keçdim:
- Kiyevə indi çatmışam. Vağzaldayam. Buradan evə qədər 2 kilometrdir, məni çatdırmaq lazımdır. Dedim, bəlkə kömək edəsiniz məni evə çatdırmağa... - telefonun başında səs gəlmədi. Elə bildim, şəbəkə itdi. "Alo" deyən kimi "hə, başa düşdüm" deyərək bir az susub dilləndi:
- Vallah, çox istərdim kömək edim. Amma mən indi çıxa bilmərəm. İnciməyin...
Sağollaşdıq. Yerli millətdən, əsasən də hərbçilərdən tanışlar vardı. Əlim gəlmədi, daha doğrusu, utandım onları narahat etməyə ki, bir azərbaycanlı olaraq təkəm, gəlin məni vağzaldan götürün. Bu fikirlərdəykən anidən durub vağzalın çıxışına yaxınlaşdım. Qapı postundakı polislər qarşımı kəsib komendant saatı bitməyənə qədər bayıra çıxmağın qadağan olduğunu bildirdilər. Jurnalist vəsiqəmi göstərdim:
- Səhər tezdənə qədər çəkilişlərə hazır olmalıyam.
- Buna görə biz bir jurnalistin ölümünə səbəb ola bilmərik. İlk postda, yaxud qarşınıza çıxan patrul sizi güllələyə bilər...
Uzun çəkişmədən sonra, öz həyatıma özümün cavabdeh olduğumu dəfələrlə israr edəndən sonra gördülər ki, əl çəkmirəm, buraxdılar.
Yolun yarısına qədər tanıdığım üçün binaların arası ilə irəlilədim. Amma bu da təhlükəli idi, çünki buralarda diversant ovlayan patrul gəzirdi. Gecə vaxtı da parolu bilməyən istənilən kəs hərbi rejimə görə dərhal güllələnirdi.
Patrula rast gəlmədən şirkətin binasına qədər gəlib çatdım. Ətraf açıq meydan idi. Elə keçməliydim ki, görünməyim. Amma evə az qalmışdı. Cəmi 500-600 metr. Yerə oturub çiynimdəki çantamla səkinin dibi ilə, fasilə verə-verə təxminən 150 metrlik açıq meydanı "qaz yerişi" formasında keçdim. Belə halda qaranlıqda görsələr, uzağı küçə iti zənn edərdilər.
Xoşbəxtlikdən rast gələn olmadı. Qaldığım evin küçəsinə burulanda binaların arasına girib evə çatdım. Yuxarı qalxmaq istəyirdim ki, küçədən bir neçə dəfə ardıcıl atəş səsləri gəldi.
- Yəqin yenə kimisə patrullar vurdular, - deyə səsə oyanan blokdakı gözətçi arvad yuxulu halda mızıldanıb mənə baxdı, yenidən adyalına bürünüb yuxuladı...
Mübariz Aslanov