Rusiyalı həkim Nadejda Çernışova hər gün eyni səhər yeməyini yeməyin orqanizmə vurduğu ziyanı izah edib. Mütəxəssisin sözlərinə görə, qidalanmaya bu cür monoton yanaşma bədəni bir sıra vacib maddələrdən məhrum edir, çünki səhər qidası təkcə balanslaşdırılmış deyil, eyni zamanda müxtəlif olmalıdır. Səhər yeməyi bütün gün üçün əsas enerji mənbəyi olduğundan, ona xüsusi diqqət yetirilməlidir.
Oxu.Az xəbər verir ki, News.ru-ya müsahibəsində həkim illərlə hər səhər eyni qidanı qəbul etmək vərdişinin sağlam təcrübə olmadığını vurğulayıb.
Nutrisioloq bir neçə fərqli yemək variantı hazırlamağı, eləcə də mövsümi meyvə və tərəvəzlərdən aktiv şəkildə istifadə etməyi məsləhət görür. Məsələn, tibbi əks-göstərişlər yoxdursa, yay aylarında kəsmik və ya sıyığın üzərinə təzə giləmeyvələr əlavə etmək olar.
Çernışovanın sözlərinə görə, rasion tərtib edərkən ilk növbədə sağlamlıq vəziyyətini və həkim tövsiyələrini nəzərə almaq, yarımfabrikatlardan imtina edərək təzə hazırlanmış yeməklərə üstünlük vermək lazımdır. Menyuda müxtəlifliyin olması orqanizmi faydalı mikroelementlərlə tam təmin etmək üçün əsas şərtdir. Səhər yeməyi sadəcə enerji mənbəyi deyil, həm də hüceyrələr üçün "tikinti materialı"dır.
İnsanın normal fəaliyyəti üçün zülallar, dəmir, sink, maqnezium və digər minerallar tələb olunur. Hər qida məhsulunda özünəməxsus maddələr toplusu var. Yeməklərin (məsələn, yulaf əzməsi, yumurta və kəsmiyin) növbələnməsi orqanizmdəki element çatışmazlığını aradan qaldırmağa və sağlamlığı qorumağa imkan verir.