ABŞ Milli Kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən Bill Pulti idarə aparatının əməkdaşlarının genişmiqyaslı ixtisarına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbəyinə istinadən CNN telekanalı yayıb.
CNN-in mənbəsi bildirib ki, artıq "dərin dövlət" (deep state) nümayəndələrinin işdən çıxarılması prosesinə start verilib. Qeyd edək ki, "deep state" ABŞ-nin federal hökumət strukturlarında ölkənin siyasi və iqtisadi proseslərinə güclü təsir göstərən kölgə qruplarıdır.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Pultini Milli Kəşfiyyatın müvəqqəti rəhbəri təyin edərkən onun yüzlərlə insanı ixtisar edəcəyini planlaşdırıb. Bildirilir ki, ötən həftə Pulti yeni iş yerinə gözləniləndən bir gün əvvəl gələrək bütün işçilərin siyahısını tələb edib. Mənbənin sözlərinə görə, ən çox ixtisarın Milli Antiterror Mərkəzində, eləcə də milli əks-kəşfiyyat və təhlükəsizlik mərkəzində aparılacağı gözlənilir.
Qeyd edək ki, iyun ayının əvvəlində Tramp "The Wall Street Journal" qəzetinə açıqlamasında Pultiyə qurumun aparat işçilərinin ixtisarı prosesinə başlamağı tapşırdığını bildirib. Nəşrin məlumatına əsasən, Amerika lideri 18 kəşfiyyat qurumunu və bölməsini nəzarətdə saxlayan ABŞ Milli Kəşfiyyat İdarəsinin gərəksiz və ya həddindən artıq böyük olduğunu düşünür.