Bu gün dünyanın, demək olar ki, bütün ölkələrində koronavirus infeksiyasına qarşı fəal mübarizə aparılır.
Həmyerlimiz, Minskdə mama-ginekologiya sahəsində çalışan həkim Nail Şirinəliyev koronavirusdan əziyyət çəkən hamilə qadınları müalicə edir.
Media.Az-a müsahibə verən N.Şirinəliyev xəstəxanada olan koronaviruslu xəstələrin müalicəsindən və virusun dölə təsirindən danışıb.

- Nə vaxtdan koronavirus infeksiyasına yoluxan xəstələrlə işləyirsiniz?
- Aprelin 13-də çalışdığım doğum evi pandemiya xəstələrinin müalicə müəssisəsinə çevrildi və o vaxtdan bəri biz akuşer-ginekoloji patologiyası olan və eyni zamanda, COVİD-19 virusuna yoluxmuş hamilə qadınlarla işləyirik.
- Hamilə qadınlar koronavirusu necə keçirirlər?
- Prinsipcə, hamilə qadınlardakı simptomlar digərləri ilə oxşardır. Buna rəğmən, anlamaq lazımdır ki, praktiki olaraq hər yoluxma fərdi xarakter daşıyır. Kimdəsə öskürək və yüksək hərarət müşahidə olunur. Digər qrup insanlarda sadəcə boğaz ağrısı və subfebril hərarət qeydə alınır. Olur ki, insanda virusun simptomları müşahidə edilmir, amma anidən tənəffüs çatışmazlığı başlanır. Xəstələrimiz var ki, qoxu hissinin itirilməsindən savayı, infeksiyanın digər əlamətləri yoxdur. Bu şəxslər, Allaha şükür olsun ki, xəstəliyi yüngül formada keçirirlər, digər xəstələrə nisbətən daha sürətlə sağalırlar.
- Körpə doğulandan dərhal sonra koronavirus testindən keçirilir?
- Bəli, mütləq şəkildə.
- Belə çıxır ki, körpə anadan olan kimi təcrid olunur?
- Belarus demokratik respublikadır. Bu səbəbdən analara seçim hüququ verilir. Əgər valideyn uşaqdan təcrid olunmaq istəmirsə, əlbəttə ki, uşaq onun yanında qalır. Buna baxmayaraq, valideynlərə mümkün risklər haqda bütün məlumatları çatdırmağa çalışırıq və onların icazəsindən sonra uşağı təcrid edirik.
- Uşaqlar bütün bu müddət ərzində süni qidalanma ilə saxlanılır?
- Bəli, elədir.
- Əgər ana uşağın təcrid olmasının əleyhinədirsə, körpə ana südündən virusa yoluxa bilərmi?
- Bu virus yenidir və öyrənilməyib, bu səbəbdən nə isə iddia etmək çətindir. Ancaq deyə bilərəm ki, bu günə qədər infeksiyanın ana südü ilə ötürüldüyünü təsdiqləyən etibarlı mənbə yoxdur.
- Yeni doğulmuş körpədə koronavirus aşkar etmisinizmi?
- Bizim doğum evində belə hallar olmayıb.
- Bu günə qədər virusa yoluxan hamilə qadınlar arasında ölüm halı qeydə alınıb?
- Allaha şükür olsun ki, belə hal qeydə alınmayıb!
- Bu müddət ərzində neçə virusa yoluxmuş hamilə qadın xəstəxanaya daxil olub?
- 100-dən çox qadın...
- Onların arasında azərbaycanlı qadınlar olubmu?
- Bu günə qədər olmayıb.
- Doğuşdan sonra qadınlar xəstəxanada qalıb müalicələrini davam etdirir?
- Bəli, əlbəttə, tam müalicə olunana qədər!
- Onlar xəstəxanada orta hesabla nə qədər vaxt keçirirlər?
- Bir qayda olaraq, iki-üç həftə. Doğrudur, olub ki, ağır xəstələrdən biri süni ağciyər ventilyasiya aparatına qoşulduğu üçün müalicə müddəti iki aya qədər davam edib.
- Necə düşünürsüz, ölkələrimiz epidemiyanı nə vaxt məğlub edə biləcəklər?
- Düşünürəm ki, mübarizə ilin sonuna qədər davam edəcək. Mən Azərbaycandakı vəziyyəti izləyirəm. Yaxın günlərdə azərbaycanlı həmkarlarımla “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) yazılı müraciət ünvanlamışıq. Biz vətənə qayıdıb, COVİD-19-la mübarizədə kömək etməyə hazırıq.