ABŞ-nin hərb naziri Pit Heqset ölkədəki seçkinin təhlükəsizliyini təmin etmək və xarici təhdidlərin qarşısını almaq məqsədilə hərbi kəşfiyyatın, eləcə də kiberkomandanlığın səfərbər olunması barədə memorandum imzalayıb.
Oxu.Az xəbər verir ki, müvafiq sənəd ABŞ Hərb Nazirliyinin (Pentaqon) rəsmi rəqəmsal resursunda yerləşdirilib.
Pentaqon rəhbəri qeyd edib ki, seçki infrastrukturunun mühafizəsi üçün kəşfiyyat orqanlarına bütün qanuni ehtiyatları, imkanları və tərəfdaşlıqları cəlb etməyə icazə verir. Bu addım hər bir ABŞ-linin xarici hədə-qorxu, məcburiyyət və ya təzyiq olmadan səsvermə hüququndan istifadə etməsinə şərait yaratmalıdır.
Sənədə əsasən, ABŞ Kiberkomandanlığı və yardımçı kəşfiyyat qurumlarının rəhbərləri kənar müdaxilə cəhdlərinin zərərsizləşdirilməsinə cavabdeh olacaqlar. Bununla yanaşı, nazirlik təhlükələr barədə məlumatların toplanması və təhlilini də həyata keçirəcək. ABŞ Konqresinə seçkinin noyabrın 3-də keçirilməsi planlaşdırılır.
Səsvermə zamanı Nümayəndələr Palatasının bütün 435 üzvü və 100 senatordan təxminən üçdəbiri seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir. "The Financial Times" nəşrinin məlumatına görə, qarşıdan gələn seçki onlar üçün kifayət qədər çətin keçəcək. "Focaldata" şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, qeydiyyatdan keçmiş seçicilər daha çox demokratlara səs verəcəklərini bildirirlər (respublikaçıların 39%-nə qarşı 44%). Noyabrda bülletenlərdə prezidentin adı olmasa da, aralıq seçki adətən dövlət rəhbərinin fəaliyyətinin qiymətləndirilməsi baxımından bir növ referendum kimi qəbul edilir.