Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Hərbi Hava Qüvvələri (HHQ) Suriyada zərbələr endirərkən Türkiyə tərəfindən təqdim edilmiş koordinatları rəhbər tutub. Həmin koordinatlara görə, orada türk hərbçiləri olmamalı idi.
Oxu.Az bu barədə RT-ya istinadən xəbər verir.
“Vəziyyət aydındır, təəssüf olsun. Bizim hərbçilər terrorçuların ərazisinə zərbələr endirərkən türk tərəfdaşlarımızın bizə təqdim etdikləri koordinatları rəhbər tutmuşduq. Bu koordinatlar daxilində türk hərbçiləri olmalı deyildi. Bu səbəbdən də bilməyərəkdən zərbələr endirildi. Bu, tamamilə, istənilmədən baş verən hadisədir. Bu, bir qəzadır”, - Peskov bildirib.
O, həmçinin qeyd edib ki, əsas olan baş qərargahların rəislərinin danışıqlarıdır, bu danışıqlarda müştərək əməliyyatların gedişatında məlumatın koordinasiyasının təkmilləşdirilməsi üçün təcili addımlar atılır.
Dünən Rusiya prezidenti Putin Türkiyə prezidenti Ərdoğana baş vermiş hadisədə ölən türk hərbçilərinə görə başsağlığı verib. Müdafiə Nazirliyindən bildiriblər ki, Moskva və Ankara türk hərbçilərinin ölümünə dair müştərək istintaq aparacaqlar.
N.O.
www.oxu.az