"Ukraynada növbəti Maydan hadisələri gözlənilmir. Bu, mümkün deyil. Mixeil Saakaşvilinin emosionallığından istifadə edən rusiyapərəst qüvvələr, Rusiyanın xüsusi xidmət orqanları Ukraynada qarışıqlıq yaratmaq istəyirlər. Təəssüflər olsun ki, təcrübəli siyasətçi olan Mixeil Saakaşvili də onun hərəkətlərinin doğura biləcəyi nəticələri hesaba almır".
Bunu Oxu.Az-a politoloq Qabil Hüseynli hazırda Ukraynada “Yeni qüvvələr partiyası”nın lideri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ukraynalıları Ali Rada qarşısında mitinqə səsləməsinə münasibət bildirərkən deyib.
“Bu prosesdə o, öz-özünü itirə, bir siyasətçi kimi tam fiaskoya uğraya bilər və yəqin ki, sonluq belə olacaq. Çünki Saakaşvili faktiki olaraq özünü Ukraynada çox ərköyün aparır. Ona həvalə edilmiş Odessanın qubernatoru kimi vəzifənin öhdəsindən gələ bilmədi, yaxud gəlmək istəməyərək istefa verdi. İndi isə Ukraynada hər şeyi “qaydaya salmaq” iddiası ilə Maydan hərəkatını başlatmaq istəyir.
Nəzərə almaq lazımdır ki, onun Ukrayna vətəndaşlığı əlindən alınıb. Saakaşvili Ukrayayna sərhədini keçərkən də qanun pozuntularına yol verib. İndi isə paytaxtda ciddi qarşıdurma yaradıb. Nəticə olaraq, polis qarşıdurmanı aradan qaldırmaq üçün Radanın qarşısında qurulmuş çadırlara və məhdud insan kütləsinə müdaxilə etmək məcburiyyətində qalacaq”, - deyə Q.Hüseynli bildirib.
“Ukraynada növbəti məxməri inqilab ölkə üçün ağır nəticələr verə bilər. Ona görə də Poroşenko hakimiyyəti ölkədə gərginlik yaratmağa çalışan qüvvələrin qarşısını almaq üçün ən son addımları atmaq məcburiyyətində qalacaq”, - deyə Q.Hüseynli bildirib.
Ukraynada baş verən hadisələrə xarici qüvvələrin müdaxiləsi məsələlərini şərh edən politoloq qeyd edib ki, ABŞ tərəfləri dinc əhaliyə qarşı zorakılıq tədbiri görməkdən çəkinməyə çağırır və məsələlərin güc tətbiq etmədən həll edilməsini istəyir.
“Lakin bu sonluq mümkün olmayacaq, çünki Saakaşvilinin ətrafındakıların əksəriyyəti Rusiya xüsusi xidmət orqanlarına qulluq edən insanlar, yaxud radikal qüvvələrdir”, - deyə politoloq vurğulayıb.
N.О.