Polşa ABŞ-dən ilk "Apache" hücum helikopterlərini alıb.
Oxu.Az-ın "Praym"a istinadən xəbərinə görə, bu barədə jurnalistlərə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
"Mən çox qürur duyuram ki, bizim İnovrotslavdakı aviabazamızda artıq ilk "Apache"lər var. Onlar ilk növbədə təlim üçün nəzərdə tutulub", - deyə nazir bildirib.
O qeyd edib ki, söhbət ABŞ-dən lizinq şərtləri əsasında götürülən 8 helikopterdən gedir, Polşa isə 96 yeni "Apache" alıb.
"Hazırda istehsal olunan ilk helikopterlər bizə 2028-ci ildə təhvil veriləcək. Biz bir gün və ya bir dəqiqə belə itirmək istəmədik, buna görə də bir qədər köhnə - "D" versiyasında olan 8 helikopteri lizinq əsasında götürmək qərarına gəldik. Onlar aldığımız "E" versiyasından bir qədər fərqlənirlər", - deyə Kosinyak-Kamış əlavə edib.
Xatırladaq ki, 2024-cü il avqustun 13-də Polşa ABŞ ilə 96 ədəd "AH-64E Apache" hücum helikopterləri ilə birlikdə logistika və təlim xidmətləri paketinin tədarükü üçün müqavilə imzalayıb. Əlavə lizinq müqaviləsinə əsasən, ABŞ "AH-64D Apache" helikopterlərini Polşa Silahlı Qüvvələrinin təlim məqsədləri üçün istifadəsinə verəcək.