Polşanın Baş Prokurorluğu Prezident Karol Navrotskinin Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Anna Korvin-Petrovskayaya və digər hakimlərə qarşı hücumu ilə bağlı cinayət işi üzrə araşdırmaya başlayıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Valdemar Jurek jurnalistlərə açıqlama verib.
"Milli Prokurorluq bu gün Konstitusiya Məhkəməsinin hakimləri Anna Korvin-Petrovskaya və Kristian Markeviçə qarşı fiziki hücum, eləcə də məhkəmədə müəyyən hərəkətlərin zor tətbiq etməklə həyata keçirilməsinə cəhdlə bağlı araşdırmaya başlayıb", - deyə Jurek bildirib.
O, cinayət işinin dövlət qulluqçusuna hücum faktı üzrə açıldığını dəqiqləşdirib.
Baş prokurorun mətbuat katibi Anna Adamyak isə ilkin istintaq məlumatlarına əsasən, bir neçə şəxsin əlbir və razılaşdırılmış şəkildə hərəkət edərək hakimlər Anna Korvin-Petrovskaya və Kristian Markeviçə hücum etdiyini bildirib.
Onun sözlərinə görə, daha sonra hakimlər məhkəmə binasının girişindən zorla uzaqlaşdırılıb və onların fiziki toxunulmazlıq hüququ pozulub.
Qeyd edək ki, Navrotski ölkədə baş verən konstitusiya böhranı fonunda cümə günündən şənbəyə keçən gecə Konstitusiya Məhkəməsinin binasına gedib.
Binanın girişində prezident nümayəndə heyətinin qarşısını hakimlər Anna Korvin-Petrovskaya, Kristian Markeviç və Mateuş Berek kəsiblər. Məlumata görə, Navrotski və onu müşayiət edən şəxslər hakimləri girişdən kənara sıxışdıraraq binaya daxil olublar. Prezident binada bir neçə saat qalıb.