Fələstin Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması HƏMAS hərəkatı və İsrail tərəfi arasında bölgədə atəşkəs barədə razılaşma əldə edilmədən bərpa oluna bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfi hətta HƏMAS-la razılaşma olmadan anklavın əhalisinə humanitar yardımın çatdırılmasını bərpa etməyə hazırdır. Eyni zamanda, bölgəyə humanitar yüklərin çatdırılması prosesinin yeni üsulla həyata keçiriləcəyi və bu yüklərin radikal hərəkatın tərəfdarlarının sərəncamına keçə bilməyəcəyi qeyd olunur.
Qeyd edilib ki, bu məsələ ilə bağlı yekun qərar İsrail tərəfindən siyasi səviyyədə qəbul edilməli və təsdiqlənməlidir.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada atəşkəs rejiminin tətbiqi barədə razılaşıblar; bu rejim 19 yanvarda qüvvəyə minib. Martın 1-də başa çatan sazişin həyata keçirilməsinin birinci mərhələsində İsrailə 33 girov, o cümlədən həlak olanların cəsədləri qaytarılıb. Müqabilində yəhudi dövləti 1 500-dən çox fələstinlini həbsdən azad edib. İsrail martın 2-də Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırıb və bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb. Baş nazir Benyamin Netanyahu bunu HƏMAS-ın ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun atəşkəsin uzadılması planını qəbul etməməsi ilə izah edib. Martın 18-də İsrail ordusu Qəzza zolağında HƏMAS obyektlərinə zərbələr endirməyə başlayıb.