Qırğızıstanın mərkəzi seçki komissiyası davam edən məhkəmə prosesinə görə prezident seçkilərinin rəsmi nəticələrini hələ elan edə bilmir.
Oxu.Az-ın xəbərinə görə, bunu TASS-a MSK-dan bildiriblər.
“Seçkilərin nəticələrinin rəsmi elan edilməsi namizəd Toktayım Umetaliyevanın şikayəti nəticəsində başlanılmış məhkəmə prosesi ilə bağlı gecikir”, - qurumdan bildirilib.
Qeyd edək ki, Umetaliyeva Bişkekin 30-a yaxın seçki məntəqəsində nəticələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
Çox güman ki, bu prosedur oktyabrın 30-u axşam, yaxud oktyabrın 31-də səhər saatlarında baş tutacaq. Qırğızıstan qanunvericiliyinə əsasən, seçkilər baş tutduqdan 20 gün ərzində nəticələr elan olunmalıdır. Bundan sonra isə bir ay ərzində yeni prezidentin inauqurasiya mərasimi baş tutmalıdır.
Qırğızıstanda prezident seçkiləri 15 oktyabr tarixində keçirilib. Sosial-demokratik partiyanın namizədi Sooronbay Jeenbekov 55% səslə qələbə çalıb.
N.O.