Qvineya-Bisauda hakimiyyəti ələ keçirən hərbçilər bu Qərbi Afrika ölkəsinin ərazisində "Facebook", "TikTok" və "YouTube" da daxil olmaqla, bəzi sosial şəbəkələrə girişin müvəqqəti məhdudlaşdırıldığını elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Qvineyanın "Democrato" nəşri yazıb.
Bildirilir ki, sözügedən tədbir zorakılığa təhrik edə və ya dezinformasiya mənbəyi ola biləcək kontentin yayılması riskini minimuma endirməyə yönəlib. Bununla belə, "WhatsApp" kimi bəzi digər rəqəmsal platformalar hələlik normal rejimdə işləməyə davam edir.
Qvineya-Bisau hərbçiləri noyabrın 26-da ölkədə hakimiyyəti ələ keçirərək, prezident Umaru Sisoku Embalonu vəzifəsindən kənarlaşdırıblar. Milli televiziya ilə çıxış edən briqada generalı Denis N'Kanya bildirib ki, Sisoku Embalo devrilib, hakimiyyəti asayişin bərpası üzrə Ali Hərbi Komandanlıq ələ alıb.
O bildirib ki, kəşfiyyat Qvineya-Bisauda fəaliyyət göstərən narkobaronların iştirakı ilə ölkədə sabitliyin pozulması planını aşkar edib. Konstitusiya quruluşunun dəyişdirilməsi üçün ölkəyə silah partiyasının gətirilməsinə hazırlıq gedib. Hərbçilər tərəfindən bütün mülki təsisatların fəaliyyəti dayandırılıb, Qvineya-Bisaunun xarici sərhədləri bağlanıb, komendant saatı tətbiq edilib, KİV-in fəaliyyəti dayandırılıb. Üstəlik, noyabrın 23-də keçirilmiş prezident və parlament seçkilərində səslərin sayılması dayandırılıb.
Bildirilir ki, seçki komissiyası nəticələri noyabrın 28-də açıqlamağı planlaşdırırmış.