Rusiyanın Novokuznetsk şəhərindəki doğum evində Yeni il tətili zamanı doqquz körpə ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Kuzbas bölgəsinin səhiyyə naziri Andrey Tarasov faktı təsdiqləyib:
"Belə hadisə baş verib. Hazırda araşdırma aparılır. Səhiyyə Nazirliyinin komissiyası vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə baş çəkib. İstintaq başa çatdıqdan sonra rəsmi açıqlama verəcəyik".
"Doğum evində tənəffüs yoluxucu xəstəliklərin yayılma səviyyəsi həddi aşdığı üçün sanitar və epidemioloji səbəblərə görə karantin tədbirləri müddətində xəstələrin xəstəxanaya yerləşdirilməsi dayandırılıb. Xəstəxanada kadr çatışmazlığı yoxdur. Yenidən açılma tarixini daha sonra elan edəcəyik", - deyə doğum evinin saytında bildirilib.
Kemerovo vilayətinin qubernatoru İlya Seredyukun verdiyi açıqlamaya görə, sözügedən xəstəxananın baş həkimi Vitali Xeraskov vəzifəsindən kənarlaşdırılıb:
"Müvafiq qurumlar 1 nömrəli Novokuznetsk Şəhər Klinik Xəstəxanasında yoxlama aparıblar. Baş həkim Vitali Xeraskovu yoxlama müddətində vəzifəsindən kənarlaşdırmaq qərarına gəldim və Kuzbas səhiyyə nazirinə müvafiq göstərişlər verdim".
Ölüm səbəbləri yaxın günlərdə aparılacaq testlərdən sonra müəyyən ediləcək.
Təxminən 528 min əhalisi olan Novokuznetsk şəhərində cəmi iki doğum evi var. Onlardan biri bağlandıqdan sonra bütün doğuşlar digər xəstəxanada həyata keçirilir.
Doğum evində baş verən ölüm faktları üzrə bir neçə maddə ilə cinayət işi açılıb.