Rusiya Prezidenti Vladimir Putin diversiya əməllərinə görə cinayət məsuliyyətini gücləndirən, o cümlədən yetkinlik yaşına çatmayanları diversiya fəaliyyətinə cəlb etməyə görə ömürlük həbsə qədər cəzanı nəzərdə tutan qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib. Yeniliklər artıq qüvvəyə minib.
Qanun RF Cinayət Məcəlləsinin 281.1-ci (diversiya fəaliyyətinə yardım) maddəsinə yetkinlik yaşına çatmayanı diversiya törətməyə təşviqetmə, cəlbetmə və ya yönəltmə üçün məsuliyyəti nəzərdə tutan müddəa əlavə edib. Bu qəbildən cinayətə görə ömürlük azadlıqdan məhrumetmə və ya 500 min rubldan bir milyon rubla qədər cərimə ilə 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Terrorçuluq fəaliyyətinə dəstək haqqında 205.1-ci maddəyə də dəyişikliklər edilib. Belə əməl törədəni ömürlük həbs və ya 500 min rubldan bir milyon rubla qədər cərimə ilə 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bundan əlavə, sənədə görə, bir sıra cinayətlərə, o cümlədən terrorçuluq fəaliyyətinə dəstək, terrorçu dəstələr yaratmaq, diversiya, diversiya fəaliyyətinə dəstək, diversiya törətmək məqsədilə təlim keçmək, diversiya qrupları təşkil etmək və onların fəaliyyətində iştirak etmək üçün cinayət məsuliyyəti yaşı 14 yaşına qədər azaldılıb.
Düzəlişlər, bütün bu cinayətlərə görə məhkum edilmiş şəxslərin vaxtından əvvəl azad edilmələri üçün onların məhkəmənin müəyyən etdiyi cəza müddətinin 75%-ni çəkmələrini nəzərdə tutur. Üstəlik, belə cinayətlərin törədilməsində təqsirli bilənlərə müvafiq maddələrin nəzərdə tutduğundan daha yüngül cəza təyin edilə bilməz.
Təşəbbüs müəllifləri diversiya xarakterli cinayətlərin sayının bildiriblər. Belə ki, 2019-2023-cü illər üzrə RF CM-in 281-ci maddəsi (təxribat) ilə 13 nəfər, 2024-cü ildə isə artıq 48 nəfər məhkum edilib. Bu, milli təhlükəsizliyi təmin etmək, Rusiya vətəndaşlarının həyatı və sağlamlığını qorumaq üçün təxribat-terrorçuluq fəaliyyətindən irəli gələn təhdidlərə əlavə hüquqi cavab hazırlamağın zəruri olduğunu göstərir.