Almaniya polisi elektrik yarımstansiyalarında və elektrik ötürücü xətlərində diversiya törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 48 yaşlı Daniel F. adlı şəxs Almaniyanın qərbində yerləşən Eşvayler şəhəri yaxınlığında nəqliyyat vasitələrinin yoxlanışı zamanı saxlanılıb. Sentyabrın 4-də kişinin mənzilində axtarış aparılıb və orada partlayıcı maddələr aşkar edilib.
Sentyabrın əvvəlindən Almaniyada elektroenergetika obyektlərinə qarşı bir neçə diversiya hadisəsi baş verib. Təkcə iki gün ərzində - sentyabrın 6-7-də Saksoniya polisi yarımstansiyaların və elektrik ötürücü xətlərinin yaxınlığında 21 partlayıcı qurğunu zərərsizləşdirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu cür təxribatların məqsədi qısaqapanmaya səbəb olmaq olub. Ölkənin Daxili İşlər Nazirliyi hücumları iqlim ekstremizmi ilə əlaqələndirib.