Yanğınsöndürmə dəstələri Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Qırmızı dəniz sahilində yerləşən Cizan şəhərindəki neft emalı zavodunun (NEZ) obyektlərindən birində baş verən yanğını söndürüblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar gününə keçən gecə krallığın Energetika Nazirliyi məlumat yayıb.
"Saudi Aramco"nun sənaye təhlükəsizliyi xidmətinin yanğınsöndürmə dəstələri bazar günü sübh çağı şirkətin Cizandakı NEZ obyektlərindən birində baş verən yanğını söndürüblər. Hadisə nəticəsində heç kim xəsarət almayıb", - deyə qurumun bəyanatında bildirilir.
Nazirlikdən əlavə edilib ki, səlahiyyətli orqanlar hazırda hadisənin araşdırılması üçün zəruri prosedurları yekunlaşdırırlar.
Bu arada, Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan üsyançı husilər Səudiyyə Ərəbistanındakı neft emalı zavoduna (NEZ) zərbə endirdiklərini bəyan ediblər.
Bu barədə hərəkatın hərbi nümayəndəsinin bəyanatında bildirilib.
"Husilər pilotsuz uçuş aparatından istifadə etməklə Cizandakı "Aramco" NEZ-inə hücum ediblər. Zərbə dəqiq olub", - deyə üsyançıların nümayəndəsi vurğulayıb.
Bəyanatda qeyd olunub ki, hücum Səudiyyə Ərəbistanının pilotsuz uçuş aparatlarından istifadə edərək Səada və Həcca əyalətlərinin hava məkanını pozduğu iddiasına cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, avqustun 7-də "Al Arabiya" telekanalı Səudiyyə Ərəbistanındakı mənbəyə istinadən xəbər vermişdi ki, Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan husilər və İraqdakı silahlı qruplaşmalar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) koordinasiyası ilə Səudiyyə Ərəbistanına hücumlar hazırlayırlar.
İyulun 20-də husilər krallığa qarşı dəniz blokadası tətbiq etdiklərini elan etmiş, bundan sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum etmişdilər.
Eskalasiya fonunda Ər-Riyad və bir sıra digər dövlətlər Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik azadlığını təmin etmək məqsədilə yeni dəniz koalisiyasının yaradıldığını elan ediblər.
İyulun sonunda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi, həmçinin krallığın neft obyektlərinə zərbələr endirmək məqsədilə İraq ərazisindən buraxılan bir neçə pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirmişdi.