Son günlər ərzində Mərakeş ərazisindən İspaniyanın Seuta şəhərinə qanunsuz yolla keçən təxminən 25 min miqrant öz istəyi ilə geri dönüb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" nəşri İspaniyanın Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb.
Hazırda Seuta şəhərində bütün ticarət obyektləri, o cümlədən supermarketlər fəaliyyətini dayandırıb. Şəhərdə qalan miqrantlar su, qida və sərin yer tapmaq ümidi ilə küçələrdə dolaşırlar.
İspaniya KİV-in məlumatına görə, müəyyən ərazilərdə yerli əhali miqrantları silahla hədələyib və onlara daş atıb.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, Seutaya daxil olan miqrantların tez bir zamanda Mərakeşə qaytarılması istiqamətində müvafiq işlər aparılır.
İspaniya DİN-in məlumatına əsasən, son günlər şəhərə 50 minə yaxın şəxs qanunsuz daxil olub. Şəhər rəhbərliyi isə miqrantların sayının 60 minə çatdığını ehtimal edir.
Qeyd edək ki, Seuta Afrikanın şimal sahilində yerləşən və İspaniyaya məxsus olan muxtar şəhərdir. Sözügedən yaşayış məntəqəsi Mərakeşlə həmsərhəddir.