"Son illərdə Avrasiyada baş verən geosiyasi dəyişikliklər dövlətləri mövcud əməkdaşlıq formatlarını yeni reallıqlara və çağırışlara uyğun şəkildə yenidən qurmağa vadar edir. Qlobal iqtisadi sistemdə müşahidə olunan dəyişikliklər, nəqliyyat marşrutlarının yenidən formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və beynəlxalq münasibətlər sistemində çoxqütblü modelin güclənməsi türk dövlətləri arasında inteqrasiyanı strateji zərurətə çevirib".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəlməsi iki ölkənin ikitərəfli əlaqələrinin növbəti mərhələsi olmaqla yanaşı, bütövlükdə türk dünyasının siyasi və iqtisadi inteqrasiyasının yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm hadisədir:
"Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində türk dünyasını Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirməsi sonrakı proseslərin strateji istiqamətini müəyyən edən siyasi xətt oldu. Bu yanaşma təsadüfi deyil. Müasir beynəlxalq münasibətlər sistemində ortaq tarix, mədəniyyət və sivilizasiya amilləri artıq yalnız mənəvi dəyər deyil, həm də geosiyasi üstünlük hesab olunur.
Azərbaycan və Qırğızıstanı birləşdirən əsas amil yalnız ortaq türk kökləri deyil. Hər iki dövlət beynəlxalq münasibətlərdə suveren qərarvermə prinsipini müdafiə edir, regional təhlükəsizlik məsələlərində oxşar mövqe nümayiş etdirir və qarşılıqlı etimada əsaslanan siyasət yürüdür. Son illərdə prezidentlər İlham Əliyev və Sadır Japarov arasında formalaşmış yüksək siyasi etimad münasibətləri dövlətlərarası əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilib. Müntəzəm görüşlər, Ali Dövlətlərarası Şuranın fəaliyyəti və qəbul edilən qərarlar münasibətlərin institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2022-ci ildə Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması və Ali Dövlətlərarası Şuranın yaradılması münasibətləri yeni mərhələyə çıxardı. 2024-cü ildə isə tərəflər dərinləşdirilmiş strateji tərəfdaşlıq barədə birgə bəyannamə qəbul etməklə əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını nümayiş etdirdilər".
Deputatın sözlərinə görə, bu gün münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi artıq siyasi bəyanatdan daha çox praktik zərurətin ifadəsidir:
"Çünki beynəlxalq sistemdə davamlı tərəfdaşlıq yalnız siyasi bəyanatlarla deyil, iqtisadi, maliyyə və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndirilir. İqtisadi əməkdaşlıq da bu prosesin mühüm sütunlarından biridir. Son illərdə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması, birgə investisiya layihələrinin genişlənməsi və Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının mərhələli şəkildə artırılması tərəflərin əməkdaşlığa uzunmüddətli investisiya kimi yanaşdıqlarını göstərir. İnkişaf Fondunun kapitalının əvvəlcə 25 milyon dollardan 100 milyon dollara, daha sonra isə 200 milyon dollara çatdırılması təkcə maliyyə göstəricisi deyil, həm də qarşılıqlı etimadın real iqtisadi ifadəsidir. Azərbaycanın Mərkəzi Asiya üçün artan əhəmiyyətini şərtləndirən əsas amillərdən biri Orta Dəhlizin sürətlə inkişaf etməsidir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa ilə Asiyanı birləşdirən əsas logistika xətlərindən birinə çevrilməkdədir. Bu marşrutun uğuru isə Azərbaycanın yaratdığı müasir liman infrastrukturu, dəmir yolu şəbəkəsi və Xəzər üzərində formalaşdırdığı logistika imkanları ilə sıx bağlıdır. Qırğızıstan üçün bu dəhliz dünya bazarlarına daha qısa və etibarlı çıxış imkanı yaradır, Azərbaycan üçün isə Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanı daha da dərinləşdirir. Münasibətlərin mühüm istiqamətlərindən biri humanitar diplomatiyadır. Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində məktəb tikintisində iştirakı iki dövlət arasında etimadın simvoluna çevrilib. Eyni zamanda Azərbaycanın İssık-Kul gölü ətrafında turizm layihələrinə sərmayə qoyması əməkdaşlığın birtərəfli deyil, qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir".
E.Mirzəbəyli vurğulayıb ki, mədəniyyət günlərinin keçirilməsi, ədəbi əlaqələrin genişləndirilməsi və elm sahəsində əməkdaşlıq isə siyasi tərəfdaşlığı cəmiyyətlərarası münasibətlərlə tamamlayır:
"Azərbaycan və Qırğızıstanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət göstərir. Türk Dövlətləri Təşkilatının institusional güclənməsi istiqamətində ortaq mövqe onların regional siyasətə vahid baxışını nümayiş etdirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı kimi təmsil olunması isə yeni geosiyasi reallığın göstəricisidir. Bu qərar Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın artıq ayrı-ayrı geosiyasi məkanlar kimi deyil, vahid iqtisadi və nəqliyyat sisteminin hissələri kimi qəbul edildiyini göstərir. Azərbaycan Xəzər hövzəsində yaratdığı imkanlarla Mərkəzi Asiyanı Türkiyə və Avropa bazarlarına bağlayan əsas strateji körpüyə çevrilməkdədir.
Əslində, Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki dövlətin siyasi iradəsinin nəticəsi deyil. Bu, Avrasiyada formalaşan yeni geosiyasi düzənin tələbidir. Dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə Şərqə doğru dəyişdikcə Mərkəzi Asiya və Cənubi Qafqazın strateji əhəmiyyəti artır. Bu şəraitdə türk dövlətlərinin vahid nəqliyyat, enerji, rəqəmsal və iqtisadi məkan formalaşdırması onların qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldir".
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu prosesdə təşəbbüskar dövlət kimi çıxış edir:
"Son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, enerji diplomatiyası, nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli diplomatik fəaliyyət Bakını Avrasiyanın əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevirib. Qırğızıstanla münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi də məhz bu strateji xəttin davamıdır.
Bütövlükdə Azərbaycan-Qırğızıstan münasibətlərində başlanmış yeni mərhələ yalnız iki qardaş ölkənin gələcəyini deyil, bütövlükdə türk dünyasının siyasi inteqrasiyasının perspektivlərini müəyyənləşdirəcək. Bu müttəfiqlik iqtisadi əməkdaşlığın genişlənməsinə, Orta Dəhlizin daha da güclənməsinə, regional təhlükəsizliyin möhkəmlənməsinə və Avrasiyada yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verəcək. Məhz buna görə də bu gün Bakı ilə Bişkek arasında qurulan strateji ittifaq gələcəyə hesablanmış siyasi qərar olmaqla yanaşı, XXI əsrdə türk dünyasının geosiyasi xəritəsini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilə bilər".