Şotlandiyada 177 kiloqram ağırlığında olan kişi tərəziyə çıxaraq çəkisini gördükdən sonra xəstəxanaya düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Record" nəşri məlumat yayıb.
Bildirilib ki, Qlazqo şəhərinin sakini Con Makdonald həkimin onun bu yaşa qədər yaşamayacağı ilə bağlı xəbərdarlığına baxmayaraq, 107 kq arıqlayıb və 30 illik yubileyini qeyd edib. Hələ 20 yaşından bir az sonra çəkisi təxminən 120 kq olarkən onda prediabet vəziyyəti, yuxu apnoesi və yüksək qan təzyiqi müşahidə edilirdi.
"Arıqlamasam, 30 yaşıma qədər yaşamaya biləcəyimi eşidəndə anladım ki, bu, məhz həmin həyəcan siqnalıdır", - deyə Con bildirib.
Dəyişikliklərə gedən yol şokla başlayıb. İlk çəki ölçümündə tərəzi 177 kq göstərib və şotlandiyalıda güclü təşviş yaranıb. Con xəstəxanaya aparılıb və məlum olub ki, buna səbəb aclıq fonunda daha da şiddətlənən stres və təşvişdir. Kişi qidalanma planını dəyişib, sıfırdan yemək bişirməyi öyrənib, şirin qazlı suları aşağı kalorili içkilərlə əvəz edib və gündəlik yemək sifarişlərindən imtina edib.
Nəticədə Makdonaldın çəkisi 70 kiloqrama qədər azalıb. Apnoe və hipertoniya yoxa çıxıb, ona yeni enerji gəlib. Əvvəllər 15 dəqiqə vaxt aparan yerli mağazaya piyada getmək indi ona zövq verir və aktiv həyat tərzinin bir hissəsinə çevrilib.
"Əgər bu barədə düşünürsünüzsə, sadəcə başlayın. Bu, mənim həyatımı dəyişdiyi kimi, sizin də həyatınızı dəyişə bilər", - deyə Con yekun olaraq bildirib.