Şotlandiyada ABŞ Prezidenti Donald Trampa məxsus qolf meydançasını boya ilə rəngləyən yeddi Fələstin tərəfdarı fəal terrorla əlaqəli əməllərdə ittiham olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Hadisə 2025-ci ilin martında baş verib. Həmin vaxt Britaniyanın "Palestine Action" təşkilatının yeddi üzvü Donald Trampa məxsus Şotlandiyadakı "Trump Turnberry" kurortunun "Ailsa Course" qolf meydançasına siyasi şüarlar yazıb, həmçinin qolf sahəsinin çəmənliyini qazıblar.
Prokurorluğun ittiham aktında təqsirləndirilən şəxslərin özgə əmlakını qəsdən zədələdiyi və ya məhv etdiyi, bu əməlin isə "terrorçularla əlaqələrə görə ağırlaşdırıldığı" bildirilib. Bu hal sübuta yetirilərsə, fəallar daha ağır cəza ilə üzləşə bilərlər.
Prokurorluq hadisənin açıq şəkildə siyasi motivli olduğunu qeyd edib. İttiham tərəfinin məlumatına görə, fəallar qolf meydançasında, eləcə də obyektin binalarında, divarlarında və sütunlarında siyasi və təhqiramiz şüarlar yazıblar.
Yaşları 22-58 arasında dəyişən yeddi nəfər bazar ertəsi Qlazqo Ali Məhkəməsində hakim qarşısına çıxacaq.
Onlardan üçü, həmçinin ədalət mühakiməsinə mane olmağa cəhd göstərməkdə ittiham olunur. Prokurorluğun versiyasına görə, həmin şəxslər hərəkətlərini gizlətmək məqsədilə saxta dövlət qeydiyyat nişanlarından istifadə ediblər.